Fəaliyyətə 1994-cü ildə başlayan Bank of Baku sürətlə inkişaf edən banklardandır. Son rüblük hesabatlara əsasən Bank of Baku 688 mln manatla aktivlərin həcminə görə 7-ci yerdə qərarlaşmışdır. Ötən rüblə müqayisədə aktivlərin həcmi 4% artmışdır. Aktivlərin artımında kreditlərin artım tempi xüsusi çəkisi ilə seçilir. Belə ki, ötən rüblə müqayisədə bankın xalis kredit portfeli 557 mln manatdan 581 mln manata qədər yüksəlmişdir.
Bank aktivlərinin artım tempi üzrə tarixi maksimum 2007-ci ildə müşahidə edilmişdir. Belə ki, bankın aktivləri 2 dəfədən də çox artaraq, 71 mln manatdan 152 mln manata qədər yüksəlmişdir. Bunun əsas səbəbi isə 2007-ci ildə müştərilərə verilən kreditlərin həcminin 54 mln manatdan 119 mln manata qədər qalxması olmuşdur.
2014-cü ilin son rübü üzrə bankın kredit portfelində ən çox Bakı (439 mln manat), Abşeron (21 mln manat), Gəncə (23 mln manat), Lənkəran (18 mln manat), Şəki (38 mln manat) və Sumqayıt (41 mln manat) üzrə kreditlər üstünlük təşkil edir.
Bank of Baku-nun faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunur. 2013-cü il üzrə faiz gəlirləri 137 mln, faiz xərcləri 47 mln, vergiyə qədərki xalis mənfəəti (bundan sonra xalis mənfəət) 58,85 mln manata bərabər olmuşdur. Bununla yanaşı, bankın rüblük hesabatlarına əsasən, bank 2014-cü ilin II rübü ərzində 33.5 mln manat xalis mənfəət qazanmışdır ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6.8% çoxdur.
Bank of Baku bazar üzrə ümumi depozit portfelinin (9.5 mlrd manat) 4.15%-ə sahibdir ki, bu da onun depozitlərin həcmi üzrə reytinqdə 7-ci yerdə olmasına səbəb olmuşdur. 2014-cü ilin II rübü üzrə bank müştərilərdən 396,5 mln manat depozit cəlb etmişdir. Bu ötən rüblə müqayisədə 3.7% çoxdur.
Bank of Baku Mərkəzi Bank tərəfindən nizamnamə kapitalına qarşı qoyduğu öhdəliyi yerinə yetirə bilmişdir və nizamnamə kapitalı 52,87 mln manata bərabərdir.
Qeyd edək ki, illik göstəricilər Deloitte və Ernst & Young audit şirkətləri tərəfindən hazırlanmış illik audit hesabatları, rüblük göstəricilər isə bankın rüblük hesabatları əsasında tərtib olunmuşdur. 2006-2008-cu illər ərzində bankın auditi Deloitte, 2009-2010-ci illər ərzində isə Ernst & Young, 2011-ci ildən etibarən isə yenidən Deloitte tərəfindən həyata keçirilmişdir.