"Bank of Baku" gələn il Mərkəzi Bankdan manat kütləsi cəlb edə bilər | Banco.az

"Bank of Baku" gələn il Mərkəzi Bankdan manat kütləsi cəlb edə bilər

"Bank of Baku" ASC yaxın vaxtlarda Mərkəzi Bankdan manat resursları cəlb etməyi planlaşdırmır.

Banco.az "Report"a istinadən xəbər verir ki, bunu "Bank Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Hazırda portfelimizdəki manat kütləsi kifayət edir ki, manat kreditləşməsini davam etdirək. Lakin ola bilər ki, 2016-cı ildə bu məsələ ilə bağlı yenidən Mərkəzi Banka müraciət edək".

"Hazırda belə bir ehtiyac yoxdur. Maliyyə planlamamızda, büdcəmizdə Mərkəzi Bankdan əlavə manat cəlb etməyi nəzərə almamışıq. Hazırda verdiyimiz kreditlərin 95%-i manatın payına düşür. Əhaliyə dollar kreditləri ayırmağa üstünlük vermirik", - deyə Bankın sədri qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

A.İbrahimov cari ildə "Bank of Baku"nun Mərkəzi Bankdan cəlb etdiyi 40 mln. manat vəsaitin borc deyil, svop əməliyyatı olduğunu əlavə edib: "Biz Mərkəzi Bankda dollar vəsaiti yerləşdirdik və onun əvəzində manat likvidliyini təmin etmək üçün manat cəlb etdik. Mərkəzi Bank belə bir siyasət yürüdürdü, banklardan dollar vəsaiti alıb onun əvəzində manat təqdim edirdi. Bu əməliyyatdan digər banklar da istifadə edib".

Sədr, həmçinin filialların birləşdirilməsinin gözlənilmədiyini açıqlayıb: "Hazırkı planımıza görə, filialları birləşdirmək niyyətimiz yoxdur. Bu il ərzində bir neçə filialı birləşdirdik. Amma təbii ki, iqtisadi durumda dəyişiklik olarsa, görsək ki, digər filiallar öz çevikliyini, gəlirliyini itirib, bu barədə düşünə bilərik. Hazırda isə belə bir plan yoxdur".