Bank hesabını necə bağlamaq olar? | Banco.az

Bank hesabını necə bağlamaq olar?

Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir.

Banklarda hesab açmaq çox asandır. Bir çox bank bu xidmətin müqabilində heç bir ödəniş tələb etmir.

Bankda necə hesab aça bilərəm?

Banklar özlərinə müştəri qazandırarkən çox rahat əməliyyatlar tətbiq edir. Bəs siz bu xidməti sonlandırmaq istəsəniz?

Əgər sizi də bank hesabının necə bağlanması maraqlandırırsa, o zaman oxumağa davam edin.

İstifadə etmədiyiniz bir hesabınız varsa və onu bağlamaq itəyirsinizsə siz bunu rahatlıqla edə bilərsiniz.

Çox adamın birdən çox bankda hesabı var. Vaxt keçdikcə özünüzü bir banka daha yaxın hiss edirsiniz və ən çox o bankda açdırdığınız hesabla işləyirsiniz. Bu zaman digər hesablarınız uzun müddət istifadəsiz qalır və hətta yaddan çıxır. Hesabların çoxluğu həmçinin sizi çaşdıra bilər. Buna görə də banklarda istifadə edilməyən hesabları bağlamaq ən doğru addım ola bilər.

Bağlama əməliyyatınızı etməniz üçün əvvəlcə həqiqətən istifadə etmədiyiniz bir hesab olmasına diqqət yetirməlisiniz. Yəni son 6 ay ya da 1 il içərisində o hesabınızı heç istifadə etməmisinizsə, bəlkə sizin üçün çox da lazım deyil.

Necə ki, bank hesabının açılması üçün mütləq qaydada banka yaxınlaşmaq lazımdır, eləcə də bank hesabını bağlamaq üçün də bankınıza yaxınlaşmalısınız. Hər iki əməliyyatın reallaşması üçün sizin şəxsiyyət vəsiqənizə ehtiyac yaranacaq.

Bank hesabını açmaq üçün nə lazımdır? 

Bank hesabının bağlanması üçün ilk növbədə şəxsiyyət vəsiqəsilə banka yaxınlaşmalı və ərizə ilə müraciət etməlisiniz.

Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank hesabının bağlanması üçün əsasdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:

  • müştərinin ərizəsi əsasında;
  • dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının icazəsi geri alındıqda;
  • bank hesabı müqaviləsində nəzərdə tutulmuş digər hallarda.

Bank hesabı müqaviləsi bankın tələbi ilə məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:

  • müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
  • bir il ərzində həmin hesab üzrə əməliyyatlar aparılmadıqda.
  • ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.

Hesabda əgər pul qalığı varsa o müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür.

Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Hesabın bağlanması nəticəsində «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülmüş pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələri ilə tənzimlənir.

Bank hesabı bağlandıqdan sonra hesabın rəsmiləşdirilməsinə dair sənədlər müvafiq normativ hüquqi aktlarda müəyyən olunmuş müddətdə bankda saxlanılır.

Ən sərfəli krediti almaq üçün müraciət et