Bank faizləri nə vaxt aşağı düşəcək? | Banco.az

Bank faizləri nə vaxt aşağı düşəcək?

“Bank faizlərinin aşağı salınması məsələsi dəfələrlə Milli Məclisdə də qaldırılıb. Axırıncı dəfə dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələyə toxunduq və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bizə bu barədə işlərin görüldüyü haqda məlumat verdi.

Nəhayət, prezident İlham Əliyev dövlət büdcəsini təsdiq edəndə göstəriş verdi ki, bank faizlərinin aşağı salınması ilə əlaqədar Mərkəzi Bank öz fəaliyyətini gücləndirsin. Sənədə məhz belə bir bənd əlavə olundu”.

Bunu  Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, bununla əlaqədar Mərkəzi Bank müəyyən işlər görür: “Mən belə hesab edirəm ki, bank faizləri kəskin aşağı düşməlidir. Çünki əhalinin banklara olan borclarının miqdarı artıq 1 milyard manata yaxınlaşıb. Əhalinin banklara girovlarla, ödəmələrlə bağlı müəyyən problemləri yaranıb. Buna görə də faiz məsələsinə mütləq baxılmalıdır. Ümid edirik ki, bu il məsələ öz həllini tapacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərə görə bank faizlərinin aşağı salınmasının konkret nə vaxt reallaşa biləcəyinə gəldikdə, Vahid Əhmədov “düşünürəm ki, bu ilin birinci rübünün axırında problem müsbət həllini tapacaq” deyib.

Onun sözlərinə görə, bankların kredit verməsi üçün 3 mənbə var: “Birincisi, əhalidən götürülən əmanətdir (əhalidən 10 faizlə götürlür), ikincisi, Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit faizidir (3,5 - 4 faiz olur), üçüncüsü isə beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir.

Nəzərə alınmalıdır ki, verilən kreditlərin 70 faizi məhz xalqdan götürülən əmanətlərdir. Necə ola bilər ki, insanlardan 10 faizlə götürülən əmanətlər, onların özünə kredit götürərkən 25-30 faizlə qaytarılır. 15-17 faizdən artıq olmamalıdır. Bu qədər fərq yolverilməzdir”.

modern.az