Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Dünyanın nəfəs kəsən avtomobil markası olan Ferrarinin uğur hekayəsi tarixdə bir çox avtomobil markaları üçün örnək sayılır.
Banco.az Enzo Anselmo Ferrarinin bioqrafiyası və avtomobilin yaranma ideyası ilə bağlı maraqlı detalları təqdim edir:
1898-ci il fevralın 18-də Modena şəhəri yaxınlığında kiçik parovoz təmiri sexinin sahibinin ailəsində anadan olan Enzo Anselmonun atası düşünməzdi ki, oğlunun adı 20-ci əsrdə dünyaya səs salacaq.
Arzular uğura aparır...
Enzo Bolonyada keçirilən avtomobil yarışına qatılana qədər opera müğənnisi və ya idman jurnalisti kimi karyera arzusunda idi.
Uşaqlıq illəri xoşbəxt keçməyən Enzo Birinci Dünya Müharibəsi illərində atasını və böyük qardaşını itirir. Onun avtomobillərə olan marağı FİAT-a gətirsə də şirkətin nümayəndəsi Dieqo Soria 20 yaşlı Ferrarini “Şirkətimiz bütün təqaüdçü əsgərləri işə götürəcək qədər zəngin deyil” sözləri ilə yola salır. Amma heç kim təxmin edə bilməzdi ki, yarım əsr sonra FIAT-ın prezidenti Covanni Anelli Ferrari SA-nın səhmlərinin 50%-ni böyük çətinliklə satın alaraq “Ferrari İtaliyanın gerbidir” deyəcək.
Milan şirkətində yarış pilotu kimi 12 illik karyerası ərzində o, 47 yarışda iştirak edib və onlardan 13-də qalib gəlib, lakin heç vaxt böyük qələbələr qazana bilməyib, onun zirvəsi 1920-ci ildə Targa Florio yarışında ikinci yer olub.
Şirkətin təməlləri atıldı...
1924-cü ildə Ferrari sürücü kimi Alfa Romeo-da işləməyə başlasa da, beş il sonra öz Scuderia Ferrari adlı yarış komandasını yaradıb.
Enzonun Alfa Romeo-dakı karyerası sürətlə inkişaf edib. Ferrari adi test sürücüsündən Alfa Corse yarış komandasının rəhbərinə qədər irəliləyib.
1930-cu illər Ferrari üçün gərgin, məhsuldar keçdi. O, öz ətrafına ən istedadlı insanları - dizaynerləri, yarışçıları, texnikləri toplayır. Məhz bu illər İkinci Dünya Müharibəsindən sonra dünyanı fəth edən avtomobil fenomeni üçün bünövrə oldu.
Gənc sahibkar ilk emalatxanasını 1939-cu ildə Alfa Corse-nin rəhbəri vəzifəsindən ayrıldıqdan sonra açıb. İkinci Dünya Müharibəsi Enzonun planlarını təxirə salıb, yalnız sonunda o, ilk avtomobili – 12 silindrli mühərrikli Ferrari 125 S üzərində işi başa çatdırıb.
60-cı illərdə şirkət bir sıra struktur dəyişiklikləri ilə üzləşdi. 1960-cı ildə o, səhmdar cəmiyyətə çevrildi və artıq 1969-cu ildə səhmlərinin 50%-ni Fiat-a satdı. 1973-cü ildə şirkət V8 mühərrikli avtomobillərin istehsalına başlandı, onların da uğuru böyük oldu. 70-ci illərin sonunda yarış komandası Formula 1-də çoxlu titullar qazandı. Eyni dövrdə Shell ilə, 1984-cü ildə isə Philip Morris International ilə əməkdaşlıq quruldu.
Dünyanın ən çox arzu edilən avtomobil brendi...
Şirkətin istehsal etdiyi hər bir avtomobil avtomobil sənətinin şah əsərinə çevrilib. Bunun üçün Ferrari 288 GTO, Ferrari F40, Ferrari F50, Ferrari Enzo və LaFerrari kimi avtomobilləri xatırlatmaq kifayətdir. 2003-cü ildə Parisdə təqdim olunan Ferrari Enzo modeli bir vaxtlar Avropanın bütün seriyalı avtomobilləri arasında ən güclüsü kimi tanınıb.
ABŞ, Böyük Britaniya və Almaniya bazarları hazırda Ferrari məhsullarının satışı üçün əsas bazarlardır.
Enzo Ferririnin arzusu olan avtomobilləri təkcə yarış yolunda deyil, həm də idman avtomobillərinə olan yüksək maraq baxımından reallaşdı
Böyük dizaynerin şərəfinə adlandırılan, əfsanəvi brend hazırda 75 illik tarixi uğurların astanasındadır.
Bizi sosial şəbəkələrdən izləyin!!