Bakının yeni Baş Planı gələcək üçün nə vəd edir? – AÇIQLAMA | Banco.az

Bakının yeni Baş Planı gələcək üçün nə vəd edir? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bakı şəhərinin Baş planı 2040  sənədinin izahında bildirilir ki, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

Eyni zamanda paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulub.

Yeni Baş Plan barədə Banco.az-a fikirlərini bildirən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli hesab edir ki, Bakı ətrafı ərazilərdə  belə bir layihənin həyata keçirilməsinə böyük ehtiyac var.

“Əhali sayı artdıqca, iqtisadiyyat böyüdükcə nəqliyyat sistemində genişləndirilməsinə, böyüməsinə, artması vacib olur. Yol qovşaqlarının da mükəmməlləşdirilməsinə, sayının artırılmasına, ictimai nəqliyyatın gücləndirilməsinə də tələbat böyükdür. Həmçinin ictimai nəqliyyatın şaxələndirilməsi də lazımdır. Düşünürəm ki,mərhələ ilə bu layihələri həyata keçirmək olar”.

Əmlak üzrə ekspert Ramil Osmanlı bildirdi ki, Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir:

“Bu reallaşarsa, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaqdır. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi deyəsən priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı.  Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 ha-lıq sənaye ərazisinin yenidən qurulması və H.Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılıb”.

Qeyd edək ki, Baş planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılması, habelə küçə yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə çatdırılması planlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram