Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Bir qədər gec hazırlanmağına baxmayaraq Bakının 255 səhifəlik izahlı Baş planı kifayət qədər əhatəli hazırlanmışdır. Peşəkar şəxslər tərəfindən hazırlanan bu planın detallarında ciddi nöqsan axtarmaq düzgün deyil.
Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı hesab edir ki, planda daha çox diqqət yönəldilməli və riskli olan məsələ maliyyə tərəfi ilə bağlıdır:
“Bakının Baş planının reallaşması üçün 16 il ərzində 93,6 milyard manatlıq bir vəsaitin xərclənməsi nəzərdə tutulur. İllərə böldükdə bu rəqəm 5.8 milyard manat vəsait deməkdir. Burada bir neçə vacib məqam var. Birinci il işğaldan azad olunmuş ərazilərimizdə quruculuq bərpa işləri aparmaq üçün cəmi 2.2 milyard manat vəsait ayrılmışdı. Daha sonra növbəti il də bu qədər vəsait ayrıldı. 2024-cü il üçün bu işlərin görülməsinə 3.9 milyardlıq büdcədən vəsait ayrılıb. Statistikadan da göründüyü kimi, 16 il ərzində Bakı şəhərinin yeni planının icrası üçün lazım olan illik vəsait işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası üçün ayrılan məbləğdən daha çoxdur.
Bu işlərin icrası məqsədi ilə layihəyə qoşulması gözlənilən özəl sektor maliyyə vəsaitin təxminən üçdə birini təşkil edəcək. Yəni planda bölgü olaraq göstərilib ki, layihənin reallaşması üçün 33 milyard manat özəl sektorun, 60.5 milyard manatlıq vəsait isə dövlət sektorunun payına düşür”.
Eldəniz Əmirov olduqca vacib bir məqama diqqəti yönəldib. İqtisadçı düşünür ki, paytaxtın Baş planının icrası prosesində son dərəcə ciddi nəzarət olmasa, bu özəl sektorun inkişafına zərbə ola bilər:
“Özəl sektora düşən 33 milyard manatın cəmi 2 milyardı bərpa olunan enerji təsərrüfatlarına, 31 milyard manata yaxın vəsait isə ərazi inkişafına dair xərclərə aiddir. Yəni ərazi inkişafı üçün xərclərin 65 faizi özəl sektor, 35 faiz isə dövlətin icrası üçün nəzərdə tutulub. Layihənin icrası zamanı son dərəcə ciddi nəzarət olmalıdır. Bu ona görə önəmlidir ki, hansısa dövlət qurumları öz paylarına düşən xərcləri də özəl sektorun çiyinləri üzərinə qoymasın. Əks halda Bakının inkişaf planının Bakıya verdiyi xeyirdən onun sahibkarlarına vurduğu zərər daha çox ola bilər”.
Eldəniz Əmirov qeyd etdi ki, adıçəkilən plan yaxşı olsa da, layihənin maliyyə qaynaqları risk təşkil edir. Ekspert kifayət qədər böyük bir məbləğin yalnız Bakı şəhərinin yenidən qurulmasına xərclənməsini düzgün hesab etmir:
“Respublika təkcə Bakıdan ibarət deyil. Planlaşdırılan 93 milyard manatlıq vəsaitin regionlara deyil təkcə Bakıya xərclənməsi, yenidən qurulacaq Bakının yüklənməsinə, regionlardan axının daha da çox olmasına gətirib çıxarda bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!