“BakıKart”ın ləğvi qiymətlərə təsir edə bilər?- AÇIQLAMA | Banco.az

“BakıKart”ın ləğvi qiymətlərə təsir edə bilər?- AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, yanvar ayından etibarən bəzi avtobuslarda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq.

Mövzu barədə Banco.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, bank kartları ilə gediş haqqını ödəmək mümkün olsa, əlavə karta ehtiyac qalmaz:

“Hesab edirəm ki, "BakıKart"ın olub-olmamasının fərqi yoxdur. Avropanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda ya bank kartı ilə, ya da müəyyən müddətə verilmiş kartlarla gediş haqqı ödənişi etmək olur.

Bu praktika tətbiq edilərsə,  həftəlik, aylıq və ya illik kartları birdəfəlik ödəniş edib alanda həm daha əlverişli olacaq, həm də nəqliyyat xərcləri aşağı düşə bilər. Ümumiyyətlə kartlar ictimai nəqliyyatın qiymət siyasətində heç bir rol oynamır. Hesab edirəm ki, bu üsul da insanlar üçün daha əlverişli olacaq”.

Məlumat üçün bildirək ki,  tətbiq edilən pilot layihə ilə “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, “QR yaradın” düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır. Hər bir QR kod unikaldır. Bir gediş üçün keçərlidir və yaradıldığı andan beş dəqiqə ərzində etibarlıdır. QR bilet beş dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram