ABŞ-da və beynəlxalq aləmdə tanınan qlobal investorların iştirakı ilə “VALUExCaspian Azerbaijan” investisiya konfransı Bakıda işə başlayıb.
Tədbirin təşkilatçısı “Robotti Qlobal Fund”- un rəhbəri Ayzek Şvarts konfrans iştirakçılarının Azərbaycanın əlverişli coğrafi və geosiyasi yerləşməsini və Yeni İpək Yolu üzərində mərkəzi qovşaq rolunu nəzərə alaraq, ölkəmizdə xarici investisiyalar üçün bütün zəruri elementlərin olduğunu dərk etdiklərini və bu səbəbdən səbirsizliklə ölkəmizdəki şərtlərlə tanış olmaq niyyətində olduqlarını vurğulayıb. O dünya iqtisadiyyatında artımın ümumi zəifləməsi fonunda qlobal investorların yeni bazarlara nəzər saldıqlarını və bu anlamda Azərbaycanın gözəl nümunə olduğunu bildirib.
Tədbiri açan Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda əlverişli biznes mühiti, modern infrastruktur, dövlət təşviqləri, özəlləşdirmə perspektivləri və aydın strateji xəttin olması sərmayə cəlbi üçün əlverişli zəmindir: “İctimai-siyasi, sosial və makroiqtisadi sabitlik, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əlverişli mövqe, ucuz və kvalifikasiyalı əmək qüvvəsi və bazarlara azad ticarət sazişlərilə çıxış imkanları mövcuddur. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə Azərbaycanda iqtisadi artım tempi MDB məkanından 1,5 dəfə çox olmaqla dayanıqlığını qoruyacaq. Artan iqtisadi aktivlik, genişlənən bazar, davamlı iqtisadi artım, tədiyyə və icmal balansların dayanıqlılığı və post-neft dövrünün artım drayverlərinin müəyyənləşməsi investorlar üçün müsbət siqnallardır. Ən əsası isə Prezident İlham Əliyev iqtisadi inkişafın məhz özəl sərmayələrin cəlbilə təmin edilməsini prioritet kimi müəyyənləşdirib. Son 15 ildə 250 milyard ABŞ dolları sərmayə cəlb etmiş və hər nəfərə düşən sərmayə həcminə görə regionun lideri olan Azərbaycanda indiyədək xarici investorlar hər hansı ciddi çətinliklə üzləşməmişdir. Azərbaycanda davam edən struktur, biznes, məhkəmə-hüquq, səhiyyə və təhsil islahatları, infrastrukturun modernləşməsi və xarici sərmayələr üçün açıq qapı siyasəti investorların maraqlarına xidmət edir.”
Konfransda ABŞ, Türkiyə, Böyük Britaniya, Çin, İsrail, Avstriya, BƏƏ, Qazaxıstan və başqa ölkələrdən olan sərmayədarlar Azərbaycanda əlverişli biznes mühitdən yararlanaraq investisiya qoyuluşlarını müzakirə edəcək. “VALUExCaspian Azerbaijan” İnvestisiya Konfransının ənənəvi formata çevrilməsi planlaşdırılır.