Bakıda evlərin bahalaşmasının səbəbləri | Banco.az

Bakıda evlərin bahalaşmasının səbəbləri

Ekspertlər deyirlər ki, qiymət artımı ilboyu davam edəcək

Son zamanlar Bakıda evlərin qiymətində bahalaşma müşahidə olunur. Bu artımın əsasən söküntülərlə bağlı olduğu iddia edilir. İqtisadçı ekspert Qadir İbrahimli qiymətlərin artımı tendensiyasının il boyu davam edəcəyini bildirdi:

“Təxmini hesablamalara görə, hər il Bakıda orta hesabla 8 min ev alınıb-satılır. Ancaq bu il ”Sovetski"də evlərin sökülməsi, həm də "Ağ şəhər" layihəsi ilə bağlı oradan təzminat alan sakinlər mənzil bazarına üz tutublar. Bu da bazarda tələbatı kəskin şəkildə artırıb. Demək olar ki, tələbat 2-3 dəfə artıb. Tələbatın artması da qiymətlərin bahalaşmasına səbəb olub. Yəni mənzillərin bahalaşmasında əsas faktor budur. Hesab edirəm ki, qiymətlərin artımı tendensiyası il boyu davam edəcək və ola bilər, ciddi qiymət artımları olsun. Hətta bundan sonra 70-80 faiz mənzillər bahalaşa bilər".

Q.İbrahimli evin bir kvadrat metrinin neçəyə başa gəlib, hansı qiymətə satıldığına da aydınlıq gətirdi: “Evin bir kvadrat metrinin neçəyə oturduğuna gəldikdə isə tikinti şirkətlərinin qeyri-rəsmi məlumatlarından belə bəlli olur ki, evin bir kvadrat metri 200-250 manata başa gəlir. Söhbət təmirsiz mənzillərdən gedir. Bu səbəblərdən ən yaxşı halda ilkin bazarda satış 600 manatdan başlayır. Şəhərin bir qədər kənar yerlərində isə evlərin maya dəyəri bir qədər ucuz başa gəlir. Ancaq şəhərin mərkəzinə doğru irəlilədikcə  maya dəyəri çoxalır". 

Ekspert dedi ki, hazırda Rusiyada hər hansı bir işlə məşğul olub Bakıda mənzil alışına yatırım qoyan vətəndaşlarımızın sayı hazırda çox deyil: “Rusiyanın özündə də ciddi iqtisadi problemlər var. Orada biznes getdikcə pisləşir. Bu baxımdan hazırda o alıcı qrupu bazara ciddi təsir edə bilmir”.

Evlərin qiymətinin nə vaxt ucuzlaşacağı məsələsinə gəlincə Q.İbrahimli bunun söküntü işləri yekunlaşdıqdan sonra olacağını dedi: “Həm “Ağ şəhər", həm də ”Sovetski"də söküntü işləri yekunlaşdıqdan, yəni oranın sakinləri özlərinə ev aldıqdan sonra bazarda endirim olacağı gözlənilir".

Evlərin qiymətinin bahalaşması kirayə verilən mənzillərin də qiymətinə təsir edib. Onu da bildirək ki, kirayə bazarında qiymətləndirmə mexanizmləri bir neçə prinsip əsasında aparılır. Bunu “Neftçilər” metro stansiyası yaxınlığında “Maklerlər bağı” kimi tanınan yerdə maklerlərlə söhbətimiz zamanı öyrəndik. Burada əsas rol oynayan amillər evin çoxmənzilli binada yerləşməsindən və ya fərdi həyət olmasından, eləcə də ərazidən asılı olaraq dəyərləndirilir. Evin pəncərələrinin məhəlləyə, mərkəzi küçəyə, ya dənizə açılması da qiymətə təsiri edir. Digər tərəfdən, onun metroya yaxınlığı, su və qazla təminatı, binanın yaxınlığında ticarət obyekti, sənaye obyektinin yerləşməsi də dəyərə təsir edir... 

Makler Allahyar Qaramollayev deyir ki, son vaxtlar onlara müraciət edənlərin sayı artıb: “Əvvəllər qış aylarında evlərin qiymətində bahalaşma olmurdu. Kirayə evlərin qiyməti adətən yeni dərs ili başlayan zaman bahalaşırdı. Ancaq indi söküntü ilə əlaqədar kirayə mənzillərində qiymətini 50-100 manat arasında artıb”.

Kirayə mənzil axtardığını, ancaq cibinə uyğun bir mənzil tapa bilmədiyini deyən Aqil Ələkbərov münasib evlərin baha olduğunu dedi: “Şəhərin mərkəzində ailəmlə sığına biləcəyim normal evin qiyməti 350 manatdan başlayır. Bu da mənim büdcəmə uyğun deyil. Bilmirəm nə edəcəm. Mən 250 manata ancaq ev tuta bilərəm. Bu qiymətə də 5 nəfər ailə üzvümlə sığına biləcəyim normal bir ev yoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et