Bakıda Çərçivə proqramı imzalanıb | Banco.az

Bakıda Çərçivə proqramı imzalanıb

Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirilir.

 İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

“Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır. Konfransınızın zəngin sənaye ənənələri ilə seçilən böyük iqtisadi potensiala malik Azərbaycanda keçirilməsi təsadüfi deyil. Sürətlə maliyyələşən bir dövrdə sənayenin inkişafına xüsusi diqqət verilib və 2014-cü il respublikamızda “Sənaye ili” elan edilib.

Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb. İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindədir. Bu vəzifənin reallaşdırılması, sənayenin inkişafı  etdirilməsi, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir. Əminəm ki, konfransınız sənaye siyasətində əsas meyllərlə bağlı səmərəli fikir mübadiləsi aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək”, - deyə məktubda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Nazir bildirib ki, konfransda 21 ölkənin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, sənaye şirkətlərinin, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox nümayəndə iştirak edir. Onun sözlərinə görə, konfrans çərçivəsində sənaye inkişafının müxtəlif aspektlərdə olan üç sessiyanın, biznes nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi və bəzi müəssisələrlə tanışlıq nəzərdə tutulub.

Konfrans çərçivəsində Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə proqramının imzalanma mərasimi keçirilib.

Konfrans öz işini noyabrın 27-də də davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilən konfrans UNIDO və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə baş tutub.

APA.az