Bank sisteminin kredit portfelinin 85%-i Bakıda cəmləşib.
Azərbaycan Mərkəzin Bankından verilən məlumata görə, 2014-cü ilin 1 may tarixi üzrə paytaxtda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi illik 13,2 faiz dərəcəsi ilə 13 mlrd. 753,7 mln. manat təşkil edib.
Bir müddət öncə verilən məlumatlara əsasən, hesabat dövründə Azərbaycan iqtisadiyyatında bank kreditləşməsi 16 mlrd. 245,4 mln. manat təşkil etmişdi ki, bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 27,4% çoxdur.
Milli valyutada kreditlər üzrə orta dərəcə 14,3% təşkil edib.
Qeyd edək ki, cari ilin 1 may tarixi üzrə bank kreditlərinin 84,66%-i Bakının, 15,34%-i isə regionların payına düşüb.
1 aprel tarixi üzrə bu göstəricilər uyğun olaraq, 84,31% və 15,69%, 1 mart tarixi üzrə - 85,16% və 14,84%, 1 fevral tarixi üzrə - 85,75% və 14,25%, 1 yanvar tarixi üzrə - 86,38% və 13,62% təşkil edib.
1 may tarixi üzrə paytaxtda milli valyutada kreditlərin həcmi illik 13,2 faiz dərəcəsi ilə 9 mlrd. 819,4 mln. manat, xarici valyutada isə bənzər faiz dərəcəsi (13,2%) ilə 3 mlrd. 934,3 mln. manat təşkil edib.
Hesabat dövründə milli valyuta üzrə qısamüddətli kreditlərin həcmi 1 mlrd. 969,4 mln. manat (orta faiz dərəcəsi - 15,7%), sərbəst dövriyyəli valyutada - 1 mlrd. 084,8 mln. manat (orta faiz dərəcəsi - 13,1%), milli valyutada uzunmüddətli kreditlərin həcmi - 7,85 mlrd. manat (orta faiz dərəcəsi - 12,6%), xarici valyutada isə 2 mlrd. 849,5 mln. manat (orta faiz dərəcəsi - 13,3%) təşkil edib.
Ödəmə vaxtı keçmiş kreditlər isə 765,6 mln. manata bərabər olub.
Regionlar arasında bank kreditləşməsi üzrə lider əvvəlki dövrlərdə olduğu kimi yenə də Aran iqtisadi rayonudur. Burada əhaliyə illik 20,3% dərəcəsi ilə 871,2 mln. manat məbləğində kredit verilib.
Siyahının 2-ci yerində illik 17,4% dərəcəsi ilə 502,9 mln. manatla Abşeron iqtisadi rayonu, 3-cü yerində illik 21,5% dərəcəsi ilə 332,8 mln. manatla Gəncə-Qazax iqtisadi rayonu, 4-cü yerində illik 23,3% dərəcəsi ilə 266,1 mln. manatla Lənkəran iqtisadi rayonu, 5-ci yerində isə illik 20,1% dərəcəsi ilə 139,5 mln. manatla Şəki-Zaqatala iqtisadi rayonu qərarlaşıb.
Kredit portfelinin yerdə qalan kredit həcmi isə ölkənin digər iqtisadi rayonlarının payına düşür.
Sevinc İbadova/Banco.az