Bağlanmış banklarda Kreditorlar Komitəsi yaradılır | Banco.az

Bağlanmış banklarda Kreditorlar Komitəsi yaradılır

Azərbaycanın ləğvetmə prosesində olan banklarında Kreditorlar komitələrinin yaradılmasına başlanılıb. Bu barədə açıqlamasında bankların ləğvedicisi olan – Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, məqsəd kreditorları rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərdiyinə əmin etməkdir: “Bankların kreditorları olan dövlət qurumları, hüquqi və fiziki şəxslər bu komitələrdə birbaşa və yaxud nümayəndələri ilə təmsil olunacaqlar. Vaxtaşırı onlara görülən işlər barədə məlumat veriləcək”.

A. Cavadov qeyd edib ki, bu proses rəhbərlik etdiyi qurumun nəzarəti altında ləğv olunan 11 bankdan 8-ni əhatə edəcək: “Kreditorlar Komitəsi 3 bankda olmayacaq. Bunlardan biri “Royalbank”dır. Bu bank xeyli müddətdir ki, ləğv olunub və kreditorlarla bağlı elə də çox iş qalmayıb. "Parabank” bank olmayan kredit təşkilatına (BOKT) çevriləcək və həmin bankın kreditorlarının bir qisminin pulunun ödənilməsini yekunlaşdırmaq üzrəyik. Bir qism kreditor isə pulunu geri almaq istəmir, çünki yaradılacaq BOKT-dan pay almaq niyyətindədir. Həmçinin, “Dekabank”ın kreditorlarına ödənişlər başa çatmaq üzrədir. Qalan 8 bankda - "Bank of Azerbaijan", “Gəncəbank”, "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Kredobank", "Zaminbank" və “Bank Standard”da isə Kreditorlar Komitəsi olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ADİF 8 bankın kreditorlarına ləğvetmə planları təqdim edəcək. Bu planlarda bağlanmış bankın aktivləri və öhdəlikləri barədə məlumatlar öz əksini tapacaq: “İki bank – “Bank Standard” və “Gəncəbank” istisna olmaqla, digər 6 bankın ləğvetmə planı ötən ay 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub və təsdiqlənməsini gözləyirik. Qalan iki bankın ləğvetmə planlarını isə bu ayın sonuna qədər məhkəməyə təqdim etməyi planlaşdırırıq”.

©Report.az