1989-cu ildə yaranan DekaBank Mərkəzi Bankın məcmu kapitala qarşı qoyduğu tələbi yerinə yetirə bilməyən banklardandır.
DekaBank`ın maliyyə göstəricilərinə nəzər saldıqda, bankın əsas göstəricilərində azalma müşahidə edildiyini görərik. Bankın aktivləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 25.7% azalaraq 48 550 min manat olmuşdur. Bankın aktivləri azalsa da, kredit portfelində artım müşahidə edilmişdir. Belə ki, bankın kreditləri 6% artaraq 54 978 min manat olmuşdur.
Bankın öhdəliklərinə gəldikdə isə, depozitlərin həcmi əhəmiyyətli dərəcədə azalmışdır. 2014-cü il III rübündə bankın müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 1479 min manat azalaraq 5613 min manat təşkil etmişdir.
Bir il ərzində bankın nizamnamə kapitalında dəyişiklik baş verməmişdir və 23 985 min manata bərabər olmuşdur. Bankın məcmu kapitalı isə 15 mln manat (53%) azalaraq 13 mln manat təşkil etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, DekaBank 17 oktyabr 2014 tarixində bank nominal dəyəri 1100 manat olan 47970 ədəd adi sənədsiz adlı səhm buraxmışdır.
Diqqət çəkən digər əsas məqam DekaBank`ın 11,7 mln manatlıq zərərə düşməsidir. Bankın həm faiz gəlirləri, həm də faiz xərcləri azalaraq uyğun olaraq 4,16 mln manat və 786 min manata bərabər olmuşdur.