"Bağlanan kredit ittifaqları demək olar ki, işləmirdi" | Banco.az

"Bağlanan kredit ittifaqları demək olar ki, işləmirdi"

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı ilə 12 kredit ittifaqının lisenziyasının ləğv olunmasına münasibət bildirib. Bununla bağlı AKİA-nın İdarə Heyətinin sədri Cəlil Süleymanov açıqlama verib.

Onun sözlərinə görə, lisenziyadan məhrum edilmiş maliyyə qurumlarınun bir hissəsi rəhbərlik etdiyi qurumun üzvü olsa da, onların fəaliyyəti faktiki olaraq yox dərəcəsində olub: “Həmin kredit ittifaqları demək olar ki, işləmirdi. Buna görə də, nə MBNP-yə hesabat verirdilər, nə də kənar audit həyata keçirirdilər. Bu baxımdan onların lisenziyasının ləğv edilməsinə normal baxıram və bazarın təmizlənməsi kimi qiymətləndirəm”.

Ən sərfəli kredit üçün müraciət et

C.Süleymanov gələcəkdə də bir sıra kredit ittifaqlarına verilmiş lisenziyaların ləğvini istisna etmir: “Hazırda ölkədə təxminən 100 kredit ittifaqı var. Amma bunların heç də hamısı günün tələbinə uyğun fəaliyyət göstərmir. Bunların arasında bizim üzvlərimiz də var. Yəqin ki, gec-tez həmin kredit təşkilatları bazarı məcburi şəkildə tərk etməli olacaq”.

Xatırladaq ki, lisenziyası ləğv olunan "Arzu", “Azəriinvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Həkəri”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı” kredit ittifaqlarıdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et