Azexport yeni satış texnologiyaları istifadə edir | Banco.az

Azexport yeni satış texnologiyaları istifadə edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı tam olaraq onlayn fəaliyyət göstərdiyindən pandemiya dövründə də fəaliyyətini  davam etdirir.  Dünyada sərt karantin rejiminin tətbiq olunması müəyyən qədər sənaye və istehsal sahələrinin fəaliyyətində durğunluq yaratdı. Bu isə  pandemiya dövründən portala sənaye məhsullarına daxil olan sifarişlərdə azalmalarla müşahidə olundu. Lakin bu müddət ərzində Azexport.az portalına daxil olan ixrac sifarişlərini təhlil etdikdə kənd təsərrüfatı və qida məhsullarına tələbatın artığını görə bilirik. Həmçinin, portala Avropa ölkələrindən də gündəlik qida məhsullarına dair daha çox ixrac sifarişi daxil olduğunu qeyd etmək mümkündür.

Pandemiya dövründə portala daha çox hansı məhsullara sifarişlər artıb?

  Pandemiya dövründə Azexport.az internet portalına daxil olan sifarişlər sırasında  əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb. Bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir. Bununla yanaşı pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur. May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumuşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb.

Portala daha çox hansı ölkələrdən sifarişlər daxil olur?

Azexport.az portalı dünyanın 15 –dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub.  İnteqrasiya olunan platformalarda yerləşdirilən Azərbaycan məhsulları hər gün dünyanın istənilən nöqtəsində nümayiş olunur. Bu baxımdan portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı yeni ölkələrdən də sifarişlər daxil olmağa başlayıb. Yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Flippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik. Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir və artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır. Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmaqa başlayır.  Məsələn, ötən illərdə İsrailin ən böyük biyan kökü idxalçısı olan “Licorice Group” şirkəti Azərbaycana dəvət olundu, Azərbaycanda biyan emalı ilə məşğul olan şirkət nümayəndələrinin görüşü təşkil olundu. Artıq Azərbaycandan biyan kökü məhsulu İsrailə uğurla ixrac olunur, həmçinin, İsrailin digər biyan kökü idxalçıları da Azərbaycan malı almaq üçün Azexporta müraciət edib.

Əksər dünya ölkələrində çatdırılma zamanı təmasın minimuma endirilməsi tətbiq olunur. Azərbaycanda bununla bağlı vəziyyət necədir?

 “Təmassız çatdırılma” xidmətinə pandemiya dövrünün başlaması ilə daha sıx rast gəlindi. Azexport.az internet portalının əməkdaşlıq etdiyi Amazon elektron ticarət platforması bu xidmətinin bir qədər fərqli formatından artıq bir neçə ildir ki, istifadə edir. Belə ki, Amazondan sifariş olunan məhsulun çatdırılması zamanı sifarişçi evdə olmadıqda məhsul qapının önünə qoyulur. Kuryer məhsulun qapı qarşısında fotoşəkilini çəkərək sifarişin çatdırılmasının yekunlaşdığını rəsmiləşdirir. Bundan sonra məhsulun təhlükəsizliyi tam olaraq sifarişçinin öhdəliyinə keçir. Məhsulun qapı qarşısında yerləşdirilməsi və öhdəliyin kuriyerdən sifarişçiyə keçməsi mexanizmi məhsul sifarişi zamanı öncədən elektron olaraq imzalanan müqaviləyə əsasən tənzimlənir. Bəzən bu formada çatdırılan məhsulların  qapı qarşısından digər şəxslər tərəfindən oğurlanması halları da baş verir. Belə halların baş verməməsi üçün Amazon elektron ticarət platformasının daimi istifadəçiləri tərəfindən kuriyerə xüsusi mobil tətbiq vasitəsi ilə rəqəmsal açar təqdim olunur. Təqdim olunan açar  qapıya yerləşdirilən xüsusi qurğuya daxil olunaraq qapı açılır və sifariş olunan məhsul dəhlizə qoyulur. Təhlukəsizliyin və yarana biləcək mübahisələrin minimuma endirilməsi məqsədi ilə çatdırılma prosesi  video formatında qeydə alınır.  Göründüyü kimi Amazon elektron ticarət platformasının təmassız çatdırılma xidmətinin həyata keçirilməsi üçün texniki bazası və təcrübəsi illər əvvəldən mövcud olub. Bu səbəbdən də platformanın pandemiya dövründən qoyulan yeni tələblərə inteqrasiya etməsi uzun müddət çəkmədi.

Hazırda Amazonla yanaşı digər şirkətlərdə çatdırılma zamanı kuryer-sifarişçi əlaqələrinin minimuma endirilməsi məqsədi ilə yeni mexanizmlər istifadə edir. Rusiyanın və Türkiyənin əksər şirkətləri çatdırılma zamanı sifarişin qəbul olunmasına dair sənədin imzalanması tələbini aradan qaldırıb. Artıq çatdırılma prosesi fotoşəkil və ya video olaraq qeydiyyata alınmaqla rəsmiləşdirilir. 

Təmassız çatdırılma sahəsinin ölkəmizdə daha da inkişafı və daima yeni mexanizmlərin tətbiqi daha çox bu sahədə işləyən şirkətlərin marağındadır. Azexport.az internet portalı özü birbaşa olaraq məhsulun çatdırılması ilə məşğul deyil. Portal alıcı və satıcı arasında əlaqələrin qurulması üçün açıq platforma rolunu oynayır. Sifariş olunan məhsullar əsasən portalla əməkdaşlıq edən şirkətlərin seçdiyi daşıma şirkətləri tərəfindən çatdırılır. Hazırda ölkəmizdə təmassız çatdırılma xidmətini təklif edən bir neçə şirkət mövcuddur. Sahənin inkişafına mane olan başlıca məqamlardan biri çatdırılmanın rəsmiləşdirilməsi üçün alıcının imzasının tələb olunmasıdır. Bu problemi sifariş zamanı alıcı və satıcı arasında imzalanan rəqəmsal müqavilə və ya sifarişin çatdırılması anının video və ya fotoşəkillə qeydə alınması ilə həll etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Azexport.az portalı sahibkarların yeni satış texnologiyalarına adaptasiyasına hansı formada dəstək olur?

Azexport.az internet portalı fəaliyyət müddəti ərzində sahibkarların istehsalatda, idarəetmədə və satışda müasir həll yollarının tətbiq olunması dair müxtəlif  təlim və seminarlar təşkil edir. Bu məqsədlə 01.01.2017 - 31.01.2020-ci il tarixləri müddəti ərzində ümumilikdə 4000-dək hüquqi və fiziki şəxsin iştirakı ilə 60-dan artıq təlim və seminar təşkil olunub. Təlimlərdə sahibkarlara beynəlxalq elektron ticarət platformalarının imkanlarından istifadə, rəqəmsal reklam strategiyası, loqistika, elektron ticarətdə gömrük əməliyyatları, elektron ticarət üçün tələb olunan müvafiq sənədləşmə və prosedurların aparılması, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar təqdim olunub. Bununla yanaşı kiçik və orta sahibkarlara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Azerp.az” portalının mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, “e-commerce”, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və “CRM” kimi müxtəlif sistemlərin iş prinsiplərinə dair praktik bilik və bacarıqlar tədris olunub.

Pandemiya dövrünün başlaması bu fəaliyyətin davam etdirilməsinə çətinlik yaratmadı. Əksinə, rəqəmsal texnologiyalardan istifadə etməklə ölkənin müxtəlif bölgələrindən olan daha geniş auditoriyanın virtual məkanda toplanması üçün əlavə stimul oldu. Belə ki, Azexport.az internet portalı və Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsi ilə özünəməşğulluğun təmin olunmasına dair praktik bilik və bacarıqları əhatə edən onlayn seminar təşkil olunub.

Həmçinin, COVID-19 pandemiyasının fonunda elektron ticarət sahəsinə olan marağın artmasını və karantin qaydalarının tətbiq olunmasını nəzərə alaraq Azexport.az internet portalı, “Worldef Business School” və “Worldef” şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsini həyata keçirdi. Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması və digər zəruri məlumatlar tədris olundu.  Ümumilikdə 7 gün davam edən və “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçirilən təlimlərdə 168 nəfər iştirak etmişdir. Təlimdə 80 faizdən yuxarı iştirak göstəricisi olan 30-dan artıq şəxsə üzərində xüsusi qorunma nişanı olan “QR kod”-la elektron sertifikat təqdim olunub.

Portal bu istiqamətdə olan fəaliyyətini hazırda da davam etdirməkdədir. Belə ki, hazırda mərkəzi ofisi Cenevrədə yerləşən “İnternational Trade Center” (İTC)  ilə birlikdə “Ticarətə Hazır” layihəsi həyata keçirilir. Layihə iki hissədən ibarətdir. Birinci hissədə  beynəlxalq elektron ödənişlər, wordPress/WooCommerce tətbiqi vasitəsi ilə elektron ticarət saytının qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, Amazon elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları ikinci hissədə isə, elektron ticarətdə loqistika imkanlarından istifadəyə dair mövzular praktik tədris olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et