Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Azəriqaz” 2024-cü ilin yanvar ayından etibarən istehlakçıların mənzillərində və sənaye obyektlərində texniki müayinələrə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. O qeyd edib ki, respublika üzrə 100 min Bakıda isə 30 minə yaxın mənzilə texniki baxış keçirilib:
“Qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı keçirilən yoxlamaların nəticələrinə dair reyestr yaradılıb və artıq fəaliyyətdədir. “Azəriqaz”ın respublika üzrə bütün Regional Qaz İstismarı idarələrinin yazdığı hər bir akt reyestrə daxil edilir. Həmçinin reyestr ümumrespublika şəbəkəsinə inteqrasiya olunduqdan sonra hər bir abonent ora daxil olub şəxsi kabinet yaradaraq, ona yazılan aktın skan variantını görə biləcək”.
İlkin Behbudov qeyd edib ki, texniki yoxlamalar zamanı müəyyən edilir ki, bəzi hallarda mənzillərdə mətbəxin yeri yaşayış otaqları ilə dəyişdirilir. Layihədən kənar görülən bu iş qaz təchizatı normalarına ziddir:
“Yanan qazın həcminə uyğun oksigen olmalıdır. Əks halda, dəm qazından zəhərlənmə halları baş verə bilir. Mövcud nöqsanlar 30 gün ərzində həll edilməsə həmin mənzilə qaz təminatı dayandırılacaq”.
“Azəriqaz” İstehsalat Birliyindən vətəndaşlara əlavə qaz borcu yazılması ilə əlaqədar məsələlərə aydınlıq gətirilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, əgər abonent dəymiş ziyanla razılaşmırsa, məhkəməyə müraciət edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!