Yaxın vaxtlarda Azərbaycanın sığorta bazarında yeni sığorta növünün tətbiqinə başlanılacaq. Bu barədə “Başak İnam” sığorta şirkətinin Biznesin İnkişafı Departamentinin rəisi Hikmət Allahverdi məlumat verib. Onun sözlərinə görə, söhbət viza sığortasından gedir: “Bu məhsul Azərbaycanda hələ ki, tətbiq olunmayıb. Artıq onun qaydalarını Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətində təsdiq etdirmişik. Yaxın aylarda viza sığortasının aktiv satışına başlayacağıq”.
Yeni məhsul xarici ölkələrə viza almaq istəyən şəxslərə imtina cavabı veriləcəyi təqdirdə, onların çəkdiyi xərclərə görə sığorta ödənişinin verilməsini nəzərdə tutur. Məsələ ondadır ki, viza almaq istəyənlər bunun üçün müəyyən məbləğdə rüsum ödəməli, həmçinin lazımi sənədlərin tərcüməsinə, notorial qaydada təsdiq edilməsinə xərc çəkməlidir. Vizanın verilməsindən imtina etdikdə çəkilmiş xərclər istənilən halda “batmış” sayılır. Bu cür vəziyyətdən özünü sığortalamaq istəyənlər “Başak İnam” sığorta şirkətinin viza sığortasından faydalana biləcəklər. Yeni sığorta növü əsasən turistlər üçün nəzərdə tutulub və onun qiyməti elə də yüksək olmayacaq.
“Biz şirkət olaraq düşünürük ki, bazara yeni və populyar olmayan sığorta sinifləri üzrə məhsullar təqdim etmək lazımdır. Bu, həm insanlarda avtomobil və əmlakla yanaşı, başqa şeyləri də sığortalamaq olar fikrini formalaşdıracaq, həm də bazarın az tutulmuş hissəsində rahat hərəkət imkanı yaradacaq” – deyə Hikmət Allahverdi bildirib.
Mənbə: fins.az