Azərbaycanın sığorta bazarı 14,3% artıb | Banco.az

Azərbaycanın sığorta bazarı 14,3% artıb

ASA-dan "Banco.az"a verilən məlumata görə, 2015-ci ilin 1-ci yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.

Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.

Həyat sığortası bazarında yığımlar 17,5%, ödənişlər isə 8,8 dəfə artıb

2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 27,2%-i və yaxud 65,9 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,5% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 56,3%-i və ya 37,1 milyon manatı həyatın yaşam sığortasının, 31,9%-i və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,5%-i və ya 7,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3%-i və ya 162,2 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Yarım il ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 30,6 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 33,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 8,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 90,5%-i və ya 27,7 milyon manatı həyatın yaşam sığortasının, 5,8%-i və ya 1,8 milyon manatı həyatın ölüm halından sığortasının, 3,7%-i və ya 1,5 milyon manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46,5 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,2 manat olub.

Qeyri-həyat sığortası bazarında yığım 13,2% artıb, ödəniş 0,7% azalıb

2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 176,5 milyon manatı və ya 72,8%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 13,2% böyüyüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 42 milyon manatı tibbi sığortanın, 20,4%-i və ya 36,1 milyon manatı avtomobillərin icbari sığortasının, 10,3%-i və ya 18,2 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 9,4%-i və ya 16,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 15,7 milyon manatı kasko sığortasının, qalan 27,2%-i və ya 48 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Yarım ildə sığorta ödənişlərinin 66,7%-ni və ya 61,5 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,6%-i və ya 24,3 milyon manatı tibbi sığortanın, 25%-i və ya 15,4 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 12,2

milyon manatı kasko sığortasının, qalan 15,6%-i və ya 9,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-iyun aylarında bu rəqəm 39,7 manat olub.

Sığorta bazarının 63%-i könüllü formalaşıb

2015-ci ilin 1-ci yarısında  Azərbaycanda toplanmış sığorta haqlarının 63,3%-i və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 8,2% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 89,1 milyon manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.

Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 milyon manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb.

Ən sərfəli krediti almaq üçün müraciət et