Azərbaycanın qeyri-neft ixracı 7%-dən çox artıb | Banco.az

Azərbaycanın qeyri-neft ixracı 7%-dən çox artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarına bərabər olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.

    Məlumata görə, cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz 179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%,kimya sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ dolları və ya 2 %artıb.

    2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.