Azərbaycanın qaz gəlirləri neft gəlirlərini ötüb - Səbəblər nələrdir? | Banco.az

Azərbaycanın qaz gəlirləri neft gəlirlərini ötüb - Səbəblər nələrdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 7,8 milyard dollar dəyərində neft satıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin birinci yarısı ilə müqayisədə 16,6% azdır. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qazdan gəlirləri isə 8 milyard dolları ötüb. Bu da illik müqayisədə 7,9% çoxdur.

Hesabatdan görünür ki, Azərbaycana qazdan daxil olan valyuta neftdən daxil olan valyutanı ötüb. Bəs buna səbəb nədir? Azərbaycanda neft hasilatı azalıbmı? Bu tendensiya davamlı olacaqmı? Qaz ixracından qazancımız neftdən gəlirimizi üstələməkdə davam edəcək?

Banco.az mövzu ilə bağlı iqtisadçıların fikrini öyrənib.

İqtisadçı-eksert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda 1994-cü ildə başlayan neft strategiyası sonradan qaz strategiyasına keçdi: “Bunun da səbəbi ölkənin karbohidrogen ehtiyatları sırasında qaz ehtiyatlarının da yüksək olması idi. Hansı ki, ölkədə 2.6 trilyon kubmetr həcmində qaz ehtiyatları var. Neft ehtiyatlarımız isə 1994-cü ildən bəri sürətlə hasil edilməyə başladığı üçün artıq azalmağa doğru gedir. Eyni zamanda hasil edilməsi daha asan yataqlar artıq istismar olunub. Getdikcə Azərbaycanın neft hasilatı azalacaq. Bu səbəblə də neftdən daxil olan olan gəlirlər azalacaq”.

İqtisadçının sözlərinə görə, qazla bağlı vəziyyət isə əksinədir. Növbəti illərdə də qaz hasilatımız artacaq: “Şahdənizdə əvvəl 500 milyard kubmetr həcmində qiymətləndirilən ehtiyat soradan 1.2 trilyon kubmetr həcmində qiymətləndirilib. İndi isə Abşeron yatağının ehtiyatı 360 milyard kubmetr həcmində qiymətləndirilir. Getdikcə artan hasilat həcmləri, ixracın da artmasına şərait yaradır. Bu isə ölkəyə qazdan daxil olan valyutanın daha yüksək olmasına gətirib çıxarır. Qarşıdakı uzun müddət ərzində də qaz gəlirləri neft gəlirlərini üstələməkdə davam edəcək”.

Energetika Nazirliyinin məlumatına görə, bu ilin I yarısında Azərbaycanda 15,2 milyon ton neft-kondensat hasil edilib, bunun da 12,7 milyon tonu ixrac olunub. Hesabat ayları ərzində Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox (24,1 milyard kubmetr) təbii qaz hasil edilib, bunun da 12 milyard kubmetri (7,5% çox) ixrac olunub.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ilk dəfədir ki, belə bir hal baş verir: “Yəni, ilk dəfə qazdan daxilolmalar neft daxilolmalarını üstələyir. Bunun bir çox səbəbləri var. Bu, həm birbaşa neftin hasilatının kəskin azalması ilə bağlıdır. Son illərdə neft hasilatı azalır. Həmçinin, neftin qiyməti də ötən ilin müvafiq dövrünə nəzərən 30% azalıb. Yəni, ötən il neftin qiyməti 100 dollardan yuxarı idi, bu il isə qiymətlər 76-78 dollar civarında dəyişir. Ona görə də qaz hasilatı və qazdan daxilolmalar artıb”.

Ekspert vurğlayıb ki, biz keçən il Avropanı Tanap və TAP vasitəsilə 10 milyard kubmetrdən çox qazla təchiz etdik: “2027-ci ilə qədər isə Azərbaycan Avropaya 20 milyard kubmetr qaz satacaq. Bu da qaz gəlirlərinin artmasına səbəb olacaq, neft hasilatı isə getdikcə azalacaq. Bu tendensiyanın gələcəkdə daha sürətlə davam etdiyini görəcəyik”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram