Hər hansı bir ölkədə pul bazasının həcminin artması, adətən, istehlak bazarı dövriyyəsinin genişlənməsi və əhali gəlirlərinin artması ilə əlaqədardır. Qeyd olunan fikir İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova məxsusdur. "Kommersiya bankları tərəfindən yüksək məbləğdə istehlak kreditlərinin verilməsi pul bazasının ümumi dövriyyəsinə təsir göstərə bilər. Həqiqətən də ölkə iqtisadiyyatında müşahidə olunan inkişaf ölkənin pul bazasında da əhəmiyyətli dəyişikliklərin yaranmasına səbəb olur. Vətəndaşların gəlirlərinin artması və dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin yüksəlməsi də öz növbəsində pul bazasının genişlənməsinə gətirib çıxarır. Azərbaycanda pul bazasının həcminin artması ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə birbaşa bağlıdır. Bütün bu amilləri nəzərə alsaq deyə bilərik ki, pul bazasının artımında mənfi tərəflər mövcud deyil. Artımın 2014-cü ildə davam edəcəyi güman edilir. Bu artımın əhali gəlirlərinin və nağd ödənişlərin həcminin yüksəlməsi ilə müşayiət olunacağı gözlənilir”, - deyə ekspert qeyd etmişdir.
Azərbaycan tarixində ilk dəfədir ki, pul bazasının həcmi 11 milyard manatı üstələyib. Belə ki, 2013-cü ilin noyabr ayı ilə müqayisədə dekabr ayında ölkədə pul bazasının 7.9% artması nəticəsində ölkə tarixində ən yüksək göstərici qeydə alınıb. Azərbaycan Mərkəzi Bankından verilən məlumatlara görə, 2014-cü ilin 1 yanvar tarixində pul bazasının həcmi 2013-cü ilin 1 yanvar və 1 dekabr tarixlərində qeydə alınan göstəriciləri geridə qoyaraq, 11641,9 (mütləq rekord) milyon manata çatıb. 2012-ci ilin 1 yanvar tarixində pul bazası 8275,4 milyon manat, 2011-ci ilin 1 yanvar tarixində isə 6397,1 milyon manat təşkil edib. 2011-ci ildə pul bazasında artım səviyyəsi 29.4%-ə, 2012-ci ildə 27,06%-ə, 2013-cü ildə isə 10,72%-ə çatıb.
Banco.az / Sevinc İbadova