Müəllif:Mehin Qasımova,Banco.az
Azərbaycan Mərkəzi Bankı yalnız ölkədaxili maliyyə bazarının inkişafını deyil, həm də yerli maliyyə institutlarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün əsas istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişaf etdirilməsi və Azərbaycanın ödəniş sisteminin digər ölkələrin müvafiq sistemləri ilə inteqrasiyasının təmin edilməsidir:
Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən intensiv ticarət əlaqələrinə malik olduğu və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının yaradılması planlaşdırılır. Uzunmüddətli perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi imkanları da nəzərdən keçirilir. Bu məqsədə çatmaq üçün innovasiyaların dəstəklənməsi, yeni maliyyə məhsul və xidmətlərinin tətbiqi, həmçinin müasir tələblərə cavab verən normativ-hüquqi bazanın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
