Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi üzrə (BUILD) regional proqramını təsdiq edib.
ADB xəbər verir ki, bu proqram Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində nəqliyyat dəhlizləri ilə yüklərin daşınma vaxtının və dəyərinin azaldılmasına yönəlib.
Proqramın dəyəri 400 milyon ABŞ dolları təşkil edir.
Proqram dövlət sərhədindən keçid məntəqələrində obyektlərin və prosedurların təkmilləşdirilməsi; transsərhəd daşımaların və nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması kimi uzunmüddətli məqsədlərə nail olmağa yönəlib.
Layihə 11 ölkəni əhatə edir: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Gürcüstan, Pakistan, Monqolustan və Çin.
ADB-nin proqram üzrə ümumi maliyyələşdirmə limiti güzəştli və adi kredit resursları daxil olmaqla, 385 milyon ABŞ dolları, qrant vəsaitləri isə 15 milyon ABŞ dolları təşkil edəcək. Hər bir ayrı layihənin maliyyələşdirilməsinin son həddi 50 milyon ABŞ dolları olacaq.
Bundan başqa, proqram çərçivəsində inkişaf üzrə tərəfdaşlar və ixtisaslaşmış trast fondları hesabına təxminən 150 milyon dollar məbləğində birgə maliyyələşdirmənin cəlb edilməsi planlaşdırılır.
ADB 2026-cı ilin aprelində prioritet layihələrin hazırlanması və onların texniki-iqtisadi ekspertizalarının aparılması üçün regional texniki yardımı artıq təsdiqləyib.
ADB proqramın vacibliyini CAREC nəqliyyat dəhlizlərin, o cümlədən Orta Dəhlizin yükünün əhəmiyyətli dərəcədə artması, həmçinin sərhədlərdəki gecikmələrlə əsaslandırır. CAREC-in monitorinq məlumatlarına görə, 2010-cu ildən 2024-cü ilə qədər regionda avtomobil buraxılış məntəqələrindən keçid vaxtı iki dəfədən çox artaraq 6,3 saatdan 14,1 saata çatıb, dəmir yolu yüklərinin rəsmiləşdirilməsinə sərf olunan vaxt isə 22,1 saatdan 25,5 saata qədər artıb.
BUILD proqramı təkcə sərhəd keçidlərinin fiziki infrastrukturunun yenilənməsini və yoxlama avadanlıqlarının alınmasını deyil, həm də rəqəmsal həllərin ("bir pəncərə", risklərin idarə edilməsi üzrə süni intellektin (AI) sistemləri) tətbiqini, birgə buraxılış məntəqələrinin inkişafını və qurumlararası qarşılıqlı əlaqənin optimallaşdırılmasını nəzərdə tutur.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları investisiya yatırıb ki, bunun da 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Əsas maliyyələşmə istiqamətləri energetika (1,7 milyard dollar) və nəqliyyatdır (1,5 milyard dollar).
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər vəsait təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb. Bankın mənzil-qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövlətini birləşdirir.
