"ABB-İnvest İnvestisiya Şirkəti QSC Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək ilk dəfə Türkiyə kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.
Bunu MDM-nin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin onlayn səs verməsi üçün istifadəyə verdiyi elektron sistemlə ("E-vote") bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, "ABB-İnvest" 5 min manatlıq 940 ədəd dövlət istiqraz alınıb: "Bu sınaq əməliyyatı MDM-in dəstəyi ilə həyata keçirilib və nəticədə "ABB-İnvest" öz hesabına türk milli valyutasında denominasiya edilmiş, iki il tədavül müddəti olan, illik 36 % dərəcəsinə malik, nominal dəyəri 100 türk lirəsi təşkil edən dövlət istiqrazları əldə edib. Alınmış dövlət istiqrazları üzrə klirinq və hesablaşma prosesləri uğurla başa çatdırılıb və qiymətli kağızlar MDM-in Türkiyə Mərkəzi Qeydiyyat Qurumundakı (MKK) nominal saxlayıcı hesabına köçürülərək saxlanılır".
A. Xudaverdiyev vurğulayıb ki, bütün bu yeniliklər MDM-in "2024–2026-cı illər üzrə inkişaf strategiyası"na uyğun həyata keçirilir: "Əsas məqsəd rəqəmsallaşmanı genişləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və onların əlçatanlığını təmin etməkdir".
Report