Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 16,4%-i və yaxud 12,5 mln. manatı həyat sığortasının payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 53,1% böyüyüb.
Həyat sığortasındakı yığımların 47%-i və yaxud 5,9 mln. manatı həyatın ölüm halından sığortası, 36,4%-i və yaxud 4,5 mln. manatı həyatın yaşam sığortası, 16,6%-i və yaxud 2,1 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.
Ay ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 4,3 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 31,9%-ni təşkil etməklə, 2015-ci ilin eyni dövrünə nisbətən 6,6 dəfə çoxdur.
Həyat sığortasında ödənişlərin 95,4%-i və yaxud 4,1 mln. manatı həyatın yaşam sığortası, 2,5%-i və yaxud 105,4 min manatı həyatın ölüm halından sığortası, 2,1%-i və yaxud 90,5 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 34 manat ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvarında 8 manat olub.