Bu ilin iyun-sentyabr ayları ərzində Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0107 faiz bəndi azalaraq 0,2851%-ə düşüb.
Bu, banka yeni üzv olan ölkələrin üzvlüklərinin ratifikasiyası ilə əlaqədardır.
Məlumata görə, son 4 ayda rəsmi Bakının AIIB-də səsvermə hüququ da 0,0222 faiz bəndi azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 0,5504% həddindədir.
Azərbaycanın bankda iştirak payı 254,1 mln. ABŞ dolları həddindədir. Əlavə edək ki, iyulda İtaliyanın, avqustda isə Misirin AIIB-ə üzvlüyü ratifikasiya olunub.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.
Mənbə : Report.az