Azərbaycanın sığorta sektorunun məcmu aktivləri 2016-cı il ərzində 1,9% artaraq bu il yanvarın 1-nə 1 031 mln. manat təşkil edib. Bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda göstərilir ki, aktivlərin 44,4%-i yaxud 457 mln. manatlıq hissəsi bank depozitlərində cəmlənib: “2016-cı ildə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqları əvvəlki illə müqayisədə 10% yaxud 44 mln. manat artaraq 486 mln. manat olub. Sığorta haqlarının 66%-i və ya 319 mln. manatı könüllü, 34%-i yaxud 167 mln. manatı isə icbari sığorta növlərinin payına düşür. Əvvəlki illə müqayisədə sığorta yığımları icbari sığorta növləri üzrə 3% (5 mln. manat), könüllü sığorta növləri üzrə isə 12% (39 mln. manat) artıb”.
Ötən il həyat sığortası üzrə yığımlarda artım olduğu qeyd edilir: “Hesabat dövrünün sonuna həyat sığortası üzrə sığorta haqları əvvəlki illə müqayisədə 26% artaraq 146 mln. manat olub ki, bu da ümumi sığorta haqlarının 30%-i deməkdir. Qeyri-həyat sığortası üzrə haqlar isə 4% yaxud 13 mln. manat artaraq 340 mln. manata çatıb”.
Hesabatda sığorta ödənişlərinin həcminin artdığı da göstərilib. Belə ki, ötən il bu sahədə əsas artım həyat sığortası üzrə ödənişlərdə qeydə alınıb: “Dövr ərzində cəmi ödənişlər 31% yaxud 57 mln. manat, o cümlədən həyat sığortası üzrə ödənişlər 82,7% və ya 43 mln. manat artıb. Sığorta ödənişlərinin 76%-i yaxud 179 mln. manat könüllü, 24%-i və ya 58 mln. manatı isə icbari sığorta növlərinin payına düşür”.
Mənbə: Report