Xarici ölkələrin bir çoxunda uzun müddətdir fəaliyyət göstərən özəl pensiya fondlarının Azərbaycanda da yaradılması gündəmdədir. Vətəndaşlara əlavə maliyyə imkanları yaradan bu fondların bir sıra üstünlükləri də var.
Bir çox ölkələrdə dövlət sosial müdafiə fondu ilə yanaşı, özəl pensiya fondları da fəaliyyət göstərir. Bu fondların əsas təyinatı vətəndaşlara alternativ gəlir mənbəyinə sahib olmaq imkanı verməkdir. Yəni vətəndaş təqaüdə çıxan zaman alacağı pensiya məbləğinin onun həyat şəraitini normal təmin etməyəcəyini düşünürsə, öz məvacibinin bir hissəsini özəl pensiya fondlarına ödəyir.
Fondlar isə öz növbəsində yığılan vəsaiti investisiya layihələrinə yatırmaqla gələn gəlir hesabına həm vətəndaşların pulunu inflyasiyadan qoruyur, həm də əlavə faizlər ödəyir. Özəl pensiya fondlarının üstünlüyündən biri də odur ki, vətəndaş vəfat edərsə, yığılan vəsait onun varislərinə ötürülür. Ənənəvi pensiya fondları isə vətəndaş pensiya yaşından tez dünyasını dəyişərsə, yığılan vəsaiti geri qaytarmır.
Azərbaycanda belə fondlar haqqında məlumat olmasa da, əslində bu qurumların yaradılması üçün hüquqi zəmin mövcuddur. Qanunvericilikdə göstərilir ki, Dövlət Sosial Müdafiə Fonduna alternativ olaraq özəl pensiya fondları yaradıla bilər və bu istiqamətdə beynəlxalq təcrübə öyrənilməlidir. Ekspertlərin fikrincə, bu fondların praktiki olaraq fəaliyyət göstərməsi üçün bu sahəni tənzimləyəcək ayrıca qanuna ehtiyac var. Bununla yanaşı, bir sıra vacib şərtlərə də əməl olunmalıdır.
Özəl fondların effektiv fəaliyyət göstərməsi üçün həm səhm bazarı, həm də investisiya fondları mövcud olmalıdır. Pensiya fondunun yığdığı vəsaiti hansısa layihələrə yatırması, yaxud qiymətli kağızlara qoyması lazımdır ki, əldə olunan gəlirdən vətəndaşın pensiyasına əlavə olunsun.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Özəl pensiya fondlarının yaradılması dövlət sosial müdafiə fondunun ləğvi demək deyil. Dövlətin əsas öhdəliklərindən biri vətəndaşların pensiya təminatı olduğundan bu funksiyanı yerinə yetirən dövlət qurumunun olması vacib sayılır.
Məsələn, qonşu Rusiyada dövlət pensiya fondu ilə yanaşı 100-dən çox özəl pensiya fondu da mövcuddur ki, onlar arasında 1 milyard dollardan artıq dövriyyəsi olanlar var.
anspress.com