Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda su anbarlarının ümumi həcmi 21 kub kilometr, çayların su ehtiyatları isə 28-30,3 kub kilometrdir.
2022-ci ilin noyabrına olan məlumatlara görə, Azərbaycanın göllərində şirin su ehtiyatı 0,90 kub kilometr təşkil edir. Ümumilikdə, ölkədə 21 tranzit çay var. Bundan başqa, qonşu ölkələrdən Azərbaycan ərazisinə su axını 19-20,3 kub kilometr təşkil edir. Yerüstü sulardan illik istifadə 11-12 milyard kubmetr, qrunt sularından isə 2-2,8 milyard kubmetr təşkil edir.
Banco.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2022-ci ildə təbii mənbələrdən 13028 milyon kub metr şirin su götürülüb.Bunun 10672 milyon kubmetri yerüstü mənbələrdən, 2356 milyon kubmetri isə yeraltı mənbələrə aiddir.
Son illərin rəsmi məlumatlarına əsasən şirin və azminerallaşmaya malik yeraltı sulardan istifadənin həcmi regional ehtiyatların 1,5, təsdiq olunan ehtiyatların isə 26%-ni təşkil edir. Yeraltı sulardan istifadənin 80%-i suvarma və texniki məqsədlərə sərf olunur.
Azərbaycanın şirin su ehtiyatları
Məlumdur ki, Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələr sırasındadır. Ölkənin şirin su ehtiyatlarının 67 %-i sərhədlərimizdən kənarda formalaşır. Respublikada çayların su ehtiyatları bütövlükdə müxtəlif qiymətləndirmələrə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6 km3 təşkil edir. Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.
Son illər Kür, Araz, Samur, Qanıx çaylarının su səviyyəsində ciddi azalmalar nəticəsində eyni zamanda əhali artımı, kənd təsərrüfatı və sənayenin inkişafı suya tələbatı çoxaldır. BMT-nin qiymətləndirmələrinə görə yaxın gələcəkdə Azərbaycan su stresi yaşayan ölkələr sırasında yer alacaq.
Qarabağ iqtisadi rayonunun şirin su potensialı
Qarabağın zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Hesablamalara görə, ərazidə çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metrdir. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. AMEA-nın Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev bildirib ki, Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır.
“Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və s. su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir”.
Bölgələrin malik olduğu su mənbələrindən söhbət açsaq, Suqovuşan Su Anbarını xüsusi qeyd etmək lazımdır. Anbarın sututumu 5,86 milyon kubmetr, suvara biləcək ərazi 21 min hektardır. Beləliklə, postmüharibə dövründə bu su anbarı ətraf rayonların əkin sahələrinin suvarılmasında çox mühüm rol oynayır.
1976-cı ildə Tərtərçayın üzərində tikilən Sərsəng su anbarı, Ağdərə (hazırda Tərtər) rayonu ərazisində inşa edilib. Onun ümumi sututumu 560 milyon m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.
Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. m³ olan digər su anbarları da qalıb. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.
Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1.6 mlrd. kubmetrdir.
Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, ölkəmiz dambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.
Bizi sosial şəbəkələrdən izləyin!!