Azərbaycanda quş əti idxalında artım gözlənilir – Assosiasiyadan açıqlama | Banco.az

Azərbaycanda quş əti idxalında artım gözlənilir – Assosiasiyadan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanın quş əti idxalında xərclərin artması müşahidə edilir. Rəsmi məlumatlara görə, bu ilin ilk 8 ayında ölkəyə 31 milyon 969 min ABŞ dolları dəyərində 8 min 147 ton quş əti idxal edilib.

Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə həcmi 27,7 min ton, dəyəri isə 42,6 milyon ABŞ dolları artdığını göstərir. Hesabat dövründə quş əti idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Banco.az-a açıqlamasında bildirib ki, toyuq əti istehsalında keçən ilə nisbətən artım mövcuddur:

Ən sərfəli kredit üçün müraciət et

“Ötən il ölkədə 160 min tona yaxın toyuq əti tələbatı olduğu halda, bu il bu rəqəm 180 min tona yüksəlib. Bu artım, toyuq ətinin sağlam və sərfəli olması ilə əlaqədardır. Əhalinin böyük bir hissəsi bu ətdən daha çox istifadə edir.

İstehsal həcmlərinə gəldikdə isə keçən il 150-160 min ton toyuq əti istehsal edilib. Cari ildə isə istehsal, demək olar ki, tələbatı tamamilə qarşılayır. İlin sonuna qədər 160-170 min ton arasında toyuq əti istehsalı gözlənilir”.

Sədr, hal-hazırda ölkədəki bütün fabriklərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Eyni zamanda istehsal prosesində qıtlıq və digər çətinliklərin olmadığına diqqət çəkib. İdxal göstəricilərinə də toxunan M.Həsənli, toyuq ətinin xaricə ixracı ilə bağlı bu ilin sonu üçün yenilik gözlənilmədiyini, lakin növbəti ilin son rübündə bu istiqamətdə müəyyən planlarının olduğunu qeyd edib.