Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb | Banco.az

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7%, fərdi sahibkarlar üzrə 1,2 %, bazar və yarmarkalarda isə 4,8 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.