Azərbaycanda pensiyaçıların sayı niyə azalıb? | Banco.az

Azərbaycanda pensiyaçıların sayı niyə azalıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10,8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır".

Banco.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov pensiyaçıların sayının azalma səbəblərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı isə 5,4 faiz azalıb: "Yəni, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi. Pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli düşüşdür. Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərmişdir. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb: 9,7 faiz".

"Bütün bunlar ilə yanaşı, DSMF-in məlumatına görə, həmin dövrdə yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. Bu yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.

Qeyd edək ki, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kapitalın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi təkliflərimizi təqdim etmişik", - deputat qeyd edib. 

Əlavə edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 14,7 faiz artırılıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram