Azərbaycanda pensiyaçılar üçün kreditlərlə bağlı yenilik | Banco.az

Azərbaycanda pensiyaçılar üçün kreditlərlə bağlı yenilik

Azərbaycan Beynəlxalq Bankının (ABB) pensiya kartının sahibi olan hər kəsin istifadə edə biləcəyi "Pensiya+" faizsiz kredit xətti 1 ay deyil, 3 ay ərzində ödəniləcək. 

Bunu çərşənbə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev bildirib: "Biz bu layihəni birgə tətbiq etdiyimiz Azərbaycan Beynəlxalq Bank ilə belə razılığa gəlmişik. Daha əvvəl pensiyaçının kreditə götürdüyü məbləğ gələn ay pensiya verilən zaman avtomatik olaraq çıxılırdı. Hazırda məbləğin üçdə biri çıxarılacaq ki, bu da layihənin şərtlərini daha mülayim edir".

E.Mehdiyev qeyd edib ki, "Pensiya+" kredit xətti faizsizdir və heç bir bəhanə olmadan pensiyaçının hesabından əlavə vəsait çıxarılmayacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında (ABB) xidmət göstərilən bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılıb.

Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istədiyi zaman xərcləyə bilər.

Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF-yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.

Milli.Az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et