Ötən əsrin 60-cı illərində maqnit zolaq ortaya çıxdı. O, banklara kartlar haqqında informasiyanı maqnit lentdə kodlaşdırmağa imkan verdi. Bu texnologiya elektron ödəniş terminalları və çip kartları üçün əsas oldu. İndi isə ödəniş sistemləri arasında ilk olaraq “Mastercard” beynəlxalq ödəniş sistemi öz kartlarında maqnit zolaqdan imtina edəcəyini bəyan edib. Şirkət artıq 2024-cü ildə Avropada bu cür kartların buraxılışını dayandıracaq. ABŞ-da bu prosses 2027- ci ildə start götürəcək. Nəhayət 2033-cü ildə maqnit zolağlı kartlardan tam imtina olunacaq.
Bu barədə açıqlama verən “MilliKart” prosessinq mərkəzini icraçı direktoru Elnur Məmmədov bildirib ki, ödəniş kartlarında maqnit zolaqdan imtina tendensiyası ilk növbədə təhlükəsizlik tədbirləri ilə əlaqədardır.
Onun sözlərinə görə, son dövrlərdə maqnit zolaqlardan çiplərə keçid aktiv şəkildə inkişaf edir: “Ödəniş kartlarında maqnit zolaqdan tam imtina olunmasına dair beynəlxalq ödəniş sistemləri və tənzimləyici tərəfdən tələb irəli sürüldükdə banklar, prosessinq mərkəzləri buna riayət edəcəklər. Hal-hazırda sırf maqnit zolaqdan imtina istiqamətində hər hansı texniki işlər aparmırıq. Lakin bundan sonra həm biz həm də digər prosessinq mərkəzləri ödəniş sistemlərindən müvafiq sənədləri alandan sonra onların üzərində işləməyə başlayacağıq. Ödəniş sistemləri bunun üçün müəyyən vaxt götürürlər ki, bu aralıqda həm prosessinq şirkətləri, həm banklar, həm də bankomat renderləri proqram təminatları səviyyəsində müvafiq dəyişiklikəri həyata keçirsinlər. Müddət kifayət qədər böyükdür ona görə də həmin zaman çərçivəsinə sığışmaq tam realdır”.
E. Məmmədov diqqətə çatdırıb ki, bu gün üçün bankomatdakı əməliyyatlar zamanı maqnit zolağı mühüm rol oynayır.
“Ölkə ərazisində emissiya olunan kartların böyük əksəriyyətində maqnit zolaqları mövcuddur. Əgər sizin kartın maqnit zolağı zədəlidirsə bankomatda əməliyyat apara bilməyəcəksiniz. Çünki ATM kartdakı məlumatlarını oxuya bilmədiyinə görə onu tanımayacaq. POS-terminalda isə maqnit zolaqla demək olar ki əməliyyat aparılmır. Onlar ya çip vasitəsilə ya da təmassız olur. Buna baxmayaraq əməliyyat zamanı çip zədəli olsa belə maqnit zolaqdan məlumat oxuna bilir. Lakin əksər şəbəkələrdə, o cümlədən bizdə belə bir imkan bağlıdır. Bu, təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Belə ki, kimsə çipi bilərəkdən də zədələyib maqnit zolaqdan istifadə etmək imkanından yararlana bilər. Bu baxımdan maqnit zolaqdan imtina ilk növbədə təhlükəsizliyin maksimal səviyyədə təmin olunması ilə əlaqədardır. Digər tərəfdən bu, kartın çapında, onun personalizasiya olunmasında müəyyən xərclərə qənaət etməyə imkan verəcək. Lakin bunun kartın son qiymətinə təsirləri çox cüzi olacaq”, - prosessinq mərkəzini icraçı direktoru vurğulayıb.
Xatırladaq ki, “Mastercard” çiplə olan kartların geniş istifadə olunduğu regionlarda maqnit zolaqdan imtinaya artıq 2024-cü ildə başlayacaq. O, daha təhlükəsiz və rahat alternativ hesab etdiyi təmaslı və təmassız çiplərə keçəcək.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib. İyulun 1-nə ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub ki, bunlar da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,9 % və 8,1 % çoxdur.
Ötən il iyunun sonuna təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9 %-ni təşkil etdiyi halda, bu il iyunun sonuna bu göstərici 64,9 % olub.
Ödəniş terminallarının sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna bankların quraşdırdığı ödəniş terminallarının sayı illik müqayisədə 17 % artaraq 1 978 ədəd təşkil edib.
Ötən il koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq dünya iqtisadiyyatının həcmi daralsa da, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Kartlarının sayında, nağdsız istifadə göstəricilərində müsbət dinamika Azərbaycanda da müşahidə olunub. Belə ki, bu iyulun 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 10,4 milyon ədəd təşkil edib və bu kartların 52 %-i təmassız ödənişləri dəstəkləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16 %, o cümlədən təmassız kartların sayı 2,3 dəfə artıb.
Hazırda dövriyyədə olan bank kartlarının 88 %-i, yəni 9,2 milyon ədədi debet kartlar, 12 %-i yəni 1,2 milyon ədədi isə kredit kartlarıdır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!