Azərbaycanda istehlak kreditlərinə maraq hansı nəticələrə gətirib çıxara bilər? | Banco.az

Azərbaycanda istehlak kreditlərinə maraq hansı nəticələrə gətirib çıxara bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə 1.5 milyard manat artaraq 8 milyard manata çatıb. Bu, ölkəmizdən böyük məbləğdə pulların xaricə çıxması ilə nəticələnir".

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

İqtisadçı bildirir ki, istehsalı daxili tələbatı ödəməyən ölkələrdə istehlak kreditləri nəticədə ölkədən çıxan vəsaitlərə çevrilir: "8 milyard manat ümumi kredit portfelinin təxminən üçdə biri qədərdir və biznes kreditlərinin 60%-i həcmindədir. Bu, son dərəcə mənfi göstəricidir."

Eldəniz Əmirov, ABŞ-dan misal gətirərək, bu ölkədə verilən ümumi kreditlərin 35 trilyon dollar olduğunu və bunun yalnız 5 trilyonunun istehlak kreditləri təşkil etdiyini qeyd edir ki, bu da ümumi kreditlərin yalnız 14%-idir:

Ən sərfəli kredit üçün müraciət et

 “ABŞ-da istehlak kreditlərinin böyük hissəsi ölkənin daxilində xərclənir, çünki əhali əsasən yerli istehsal olunan məhsulları alır. Bu isə daxildə sahibkarlığın və istehsalın inkişafına səbəb olur. Azərbaycanda isə istehlak kreditləri ilə alınan malların əksəriyyəti xaricdən idxal olunduğu üçün bu 8 milyard manatlıq kreditin böyük hissəsi ölkədən çıxaraq digər ölkələrə axır”.

İqtisadçı onu da əlavə edib ki, bu vəziyyətdən mal satan ölkələr, banklar və ticarət subyektləri qazansa da, uduzan əsasən istehlakçılardır: "İnsanlar bir-birilə rəqabət apararaq, özlərini istehlak kreditləri götürməyə məcbur edirlər",- deyə ekspert vurğulayıb.