2017-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 44,2 min nəfər olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, onlardan 4 mln. 792,7 min nəfərini məşğul əhali təşkil edib.
Cari il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 525,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,4 min nəfər, qeyri-dövlət sektorunda isə 638,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 491,1 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,1%-i tikintidə, 6,6%-i emal sənayesində, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,9%-i təhsil, 19%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2017-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150 saat təşkil edib.
İyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfər olub, onların 37,3%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,3 manat olub.
mənbə: apa.az