Azərbaycanda internetdə maşın almaqdan niyə qorxurlar? | Banco.az

Azərbaycanda internetdə maşın almaqdan niyə qorxurlar?

Xarici ölkəyə səfər etmədən mənzilində oturub internetdən seçdiyin avtomobili sifariş etməklə onu evinin yaxınlığında və ya yaşadığın şəhərdə yerləşən xüsusi yerlərdən birində qəbul edə bilərsən. Bu rahat imkanlardan hazırda dünyanın, nəninki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrində də geniş istifadə olunur. 

Avtomobil almaq istəyən şəxs bunun üçün əvvəlcə tanınmış saytlardan birinə, məsələn mobile.de saytına daxil olmaqla (bu Avropa Birliyi ölkələrini əhatə edir) satıcı vasitəsilə onlayn qaydada əlaqə yaradır. Alıcı avtomobilə dair onu maraqlandıran suallara müsbət cavab aldıqdan sonra pulunun bir hissəsini bank vasitəsilə satıcının hesabına köçürməklə sifariş verir. Alınan avtomobillər razılaşmaya əsasən, ya satıcı, ya da alıcı tərəfindən xüsusi danışmaçılıq şirkətinə xidmət haqqı ödəməklə, malın yeni sahibinin yaşadığı ölkədəki məntəqəyə çatdırılır. Avtomobili alan şəxs sifariş etdiyi malın həqiqətən, elanda göstərilən vəziyyətdə olduğuna əmin olandan sonra onun pulunun qalan hissəsini satıcıya yenə də bank vasitəsilə ödəyir. 

Amma dünyada geniş yayılmış bu rahat imkanlardan Azərbaycanda hazırda yararlanmaq praktiki cəhətdən mümkün deyil.

Bunun səbəbinə aydınlıq gətirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının bildirdiyinə görə, sözügedən məsələdə əsas maneə ölkəmizdə nəqliyyat daşımacılığının və logistikanın (sifarişlə alınan məhsulun ünvanına çatdırılması) inkişaf etməməsidir. Ekspertin dediyinə görə, istənilən Azərbaycan vətəndaşı onlayn qaydada xaricdən avtomobil alınmasına dair sifariş verə bilər. Ancaq həmin avtomobili yaşadığı yerdə yox, sərhəddə qarşılamalıdır. Çünki gömrük qaydaları bunu tələb edir. Mövcud qaydalara görə, xaricdən avtomobilin Azərbaycana keçirilməsi üçün sərhəddə onu ya alan şəxsin özü, ya da alıcının vəkalətnamə verdiyi digər bir şəxs qarşılamalıdır.

R.Osmanlı deyir ki, Azərbaycandan fərqli olaraq, bütün xarici ölkələrdə o cümlədən, Gürcüstanda xüsusi daşımaçı şirkətlər fəaliyyət göstərir və qanunlar həmin şirkətlərin gətirdiyi avtomobilləri alıcının iştirakı olmadan ölkənin içərilərinə doğru aparmağa icazə verir. Həmsöhbətimiz bildirib ki, Azərbaycanda məhz bu imkanların məhdud olması səbəbindən çox az sayda insan onlayn qaydada avtomobil almaqla maraqlanır. 

İnternet vasitəsilə avtomobil alınmasının ölkəmizdə inkişaf etməməsinin digər bir səbəbini R.Osmanlı gömrük müddətinin qısa olması ilə əlaqələndirir. Belə ki, qaydalara əsasən, Azərbaycana daxil olan avtomobil ölkədə maksimum 3 gün qalmalıdır. Bu müddətdə ya onun haqqında gömrük bəyənnamasi alınmalı, ya da üçüncü bir ölkəyə aparılmalıdır. Ekspertin sözlərinə görə, bu müddətin az olması Azərbaycanın və xarici ölkələrin şirkətinə imkan vermir ki, Orta Asiya və digər yaxın regionlara satmaq üçün gətirdiyi avtomobilləri burada saxlasınlar. Onun fikrincə, əgər bəyannamə müddəti uzun olsa, onlayn qaydada sifariş verən azərbaycanlı avtomobilini burada qəbul edərdi. 

R.Osmanlı deyir ki, Gürcüstanda gömrük müddəti 20 gün olduğundan orada nəqliyyat daşımacılığı yolu ilə gətirilən çoxlu sayda avtomobil var. Gürcüstan bazarı Azərbaycana yaxın olduğundan xaricdən avtomobil almaq istəyən vətəndaşlarımızın bir çoxu bu ölkəyə səfər etməli olur. 

Yeri gəlmişkən qeyd edək ki, onlayn qaydada avtomobil alınması zamanı dələduzluq hallarına da rast gəlinir.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobilin göstəriciləri, texniki imkanları, zədəli olub-olmaması, həmçinin avtomobilin göndərilməməsi kimi dələduzluq faktları var. R.Osmanlının bildirdiyinə görə, bu cür əməllərə əsasən, inkişaf etmiş ölkələrdə yaşayan əcnəbilər yol verir. Ona görə də az da olsa, təsadüf edilən belə hallarda öz haqqının qorunması, dəyən zərərin ödənilməsi üçün internet vasitəsilə aparılan bütün yazışmalar qorunmalıdır. Həmçinin bankla pul köçürülməsinə dair sənədi əldə edib saxlamaq vacibdir. Nəhayət, ekspertin fikrincə, onlayn qaydada avtomobil alınmasının geniş yayılmamasının səbəbi həm də milli xarakterdir. Onun qənaətincə, bu amilin də güclü təsiri var.

“Avtomobil almaq daha ciddi məsələ olduğundan, həmçinin insanların xarakteri, şəxsi imkanları və zövqü ilə çox bağlı olduğundan adamlar avtomobilə toxunaraq almaq vərdişini unutmayıb. İnternet vasitəsilə asanlıqla kitab şifariş vermək mümkün olduğu halda, avtomobil üçün bu sözləri demək hələ tezdir. Bu mənada avtomobil satışında internet dövrünün hələ başlanğıc mərhələdə olduğunu deyə bilərik”.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et