Azərbaycanda innovasiya sektorunun illik gəlirləri təxminən 1 milyard manat, ixrac həcmi isə 100 milyon ABŞ dolları təşkil edir, bu göstəricilərin azı 10 dəfə artırılması hədəflənir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Əmiraslanov deyib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün strategiya" mahiyyət etibarilə innovasiyaya əsaslanan yeni iqtisadi artım modelinə keçidi nəzərdə tutur: "Bu strategiyanın nəticəsi rəqəmsal sektorun milli iqtisadiyyatda, eləcə də ixracın strukturunda payının artması ilə ölçüləcək. Hazırda isə bu göstəricilər ölkəmizin potensialını tam əks etdirmir. Strategiya çərçivəsində bu göstəricilərin azı 10 dəfə artırılması hədəflənir. Buna nail olmaq üçün yeni dəyər yaradan innovasiya ekosistemi üçün daha əlverişli şərait yaradılmalıdır. Müzakirə olunan qanunvericilik paketi də məhz bu məqsədə xidmət edir".
Deputat qeyd edib ki, Azərbaycan qlobal rəqabətə hazır olmaq üçün yüksək rəqabət qabiliyyətli insan kapitalı formalaşdırmalıdır: "Çünki innovativ iqtisadiyyat ilk növbədə insan kapitalına söykənir. Bunun üçün maariflənmiş rəqəmsal cəmiyyətin formalaşdırılması, müasir təhsil sisteminin inkişafı və innovasiyaları təşviq edən əlverişli mühitin yaradılması əsas şərtlərdəndir. Hazırda qlobal rəqəmsal iqtisadiyyatın həcmi təxminən 24 trilyon ABŞ dollarına çatır və dünya üzrə ümumi daxili məhsulun 21 %-ni təşkil edir. Bu isə o deməkdir ki, dünyada yaradılan hər 5 dollarlıq əlavə dəyərin təxminən 1 dolları rəqəmsal iqtisadiyyatın payına düşür. Rəqəmsal sektorun illik artım tempi 8-9 % olmaqla, ənənəvi iqtisadiyyatdakı 3,1 %-lik artımı təxminən üç dəfə üstələyir".
Azər Əmiraslanov bildirib ki, dünyada rəqəmsal xidmətlərin ixracı artıq 4 trilyon dolları keçib: "Bütün bunlar göstərir ki, gələcəyin iqtisadiyyatında əsas ixrac məhsulu xammal deyil, yüksək əlavə dəyər yaradan texnoloji xidmətlər olacaq".
