Azərbaycanda iflasdan sığortalanma sistemi ilə bağlı vəziyyət necədir? | Banco.az

Azərbaycanda iflasdan sığortalanma sistemi ilə bağlı vəziyyət necədir?

"Sığorta şirkətlərə öz işgüzar risklərini sığortalamaq imkanı verən xüsusi fəaliyyət növüdür. Hal-hazırda Azərbaycanda müəssisə əmlakının sığortası xidməti tətbiq edilir. Lakin müəssisələr tərəfindən həyata keçirilən digər əməliyyatların sığortalanması məsələsi hələ də öz həllini tapmayıb. Qeyd edək ki, risklərdən sığorta prosesi yenicə tətbiq olunmağa başlayıb və cari dövr üçün insanların həyat və əmlakının sığortasını nəzərdə tutur. Amma Azərbaycanda müflisləşmə riskindən sığorta haqqında dəqiq fikir söyləmək üçün tezdir. Sığorta bazarı lazımi səviyyədə inkişaf etmədiyi üçün müəssisələrin iflas riskindən sığortasını təklif etmək mümkün olmur". Bu sözləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri Azər Mehdiyev məsələ ilə bağlı verdiyi açıqlamasında qeyd edib.

"Bundan əlavə, ölkəmizdə müflisləşmə institutunun kifayət qədər formalaşmaması sığortanın məhz bu növünün təkmilləşdirilməsini məhdudlaşdırır. Azərbaycanda "Müflisləşmə və iflas" haqqında qanun mövcud olsa da, həmin qanun tətbiq edilmir və müəssisələr müxtəlif səbəblərə görə fəaliyyətini dayandırır. İndiyədək cəmi bir neçə dəfə müəssisələr qanunda nəzərdə tutulmuş qaydada iflas barəsində məsələ qaldırıblar. Elə ona görə də, ölkəmizdə müflisləşmə institutu təkmilləşmədiyi təqdirdə müəssisələr üçün nəzərdə tutulmuş iflas riskindən sığorta xidmətinin tətbiqi də mümkün olmayacaq" deyə ekspert bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Azər Mehdiyev həmçinin bildirib ki, qanuna əsasən, müflisləşmə zamanı müəssisəyə aid əmlak bütünlüklə satılmalı və satışdan əldə olunan məbləğ, ilk növbədə, əməkdaşların əmək haqqların ödənilməsinə, daha sonra isə digər xərclərin qarşılanmasına sərf olunmalıdır.

Sevinc İbadova/Banco.az