Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son bir neçə il ərzində Azərbaycanda heyvandarlığa maraq azalmaqda davam edib.
Banco.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat verir ki, 2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.
2023-cü ilin aprel ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 551,8 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 360,8 min baş təşkil edib.
Bu rəqəm göstərir ki, 2022- ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4,3% və ya 115,1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 9,9% və ya 808 min baş azalıb.
2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 628,6 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 772,1 min baş təşkil edib.
2022-ci ilin yanvarın 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 0,8% və ya 20,2 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1,6% və ya 127,6 min baş azalıb. 2014-cü ildə ölkəmizdə xırda buynuzlu heyvanların sayı – 8.852.800 baş, 2019-cu ildə - 8.563.700 baş, 2022-ci ilin yanvar ayında 8.037.100 baş olub..2022-ci ildə 2014-cü ilə nisbətən xırda buynuzlu heyvanların sayında azalma 815.700 baş təşkil edib. 2022-ci ildə 2019-cu ılə nisbətdə isə azalma 526.600 baş təşkil edib.
Vəziyyəti şərh edən iqtisadçılar hesab edirlər ki, azalmaya səbəblərdən biri ölkədə yem və otun ildən-ilə bahalaşmasıdır. Hazırda problemdən çıxış yolu kimi Qarabağ və Şərqi Zəngəzurda olan otlaq sahələri inkişafı göstərilsə də, ekspertlər hesab edir ki, bu da indiki məqamda mövcud statistikaya ciddi təsir etməyəcək.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova heyvandarlıq sahəsindəki mövcud problemlər barədə danışan zaman vurğulayıb ki, ölkədə heyvandarlıq sahəsində cins tərkibinin inkişaf etdirilməsinə daha çox çalışmaq lazımdır.
“Bir sıra işbazlar tərəfindən Ukrayna, Qazaxıstan və digər MDB dövlətlərindən bizim yerli heyvanlardan aşağı məhsuldar heyvanlar gətirilir və dövlət vəsaiti az məhsuldar heyvanlara sərf edilir. Biz bu vəsaiti başqa işlərə sərf edə bilərik. Bu gün damazlıq xarakterli əhəmiyyətli layihələrdən söhbət gedir, bu layihələri öz gücümüzə söykənərək ortaya qoya bilərik. Heyvanların cins tərkibinin yaxşılaşdırlmasında yeni innovativ xarici təcrübələrin tətbiqi vacibdir. Eyni zamanda, mövcud otlaq və örüş sahələrinin azalması damazlıq işinin daha təkmil formada təşkilini tələb edir. Bu məqsədə nail olmaqla gələcəkdə ixrac imkanları da yarana bilər”.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bu sahədə olan mövcud problemlərə toxunaraq vurğulayıb ki, mənfi nəticələr əsas kənd təsərrüfatında ciddi tənəzzülün olduğunu deməyə əsas verir. “Təcili bu sahəyə xüsusi yanaşma olmalıdır. Çünki əhalinin ət və ət məhsullarının istehlakında qoyun ətinin və südünün payı kifayət qədər çoxdur. Ölkəmiz üçün ərzaq təhlükəsizliyinin təminatında, ərzaq balansının qorunub saxlanması sahəsində bu sahə mühüm yer tutur. Həmçinin kənar, qonşu ölkələrdən qoyun və keçilərin idxalının artmasına gətirib çıxarır ki, bu da xaricə valyuta axınıdır. Ən pisi isə bu sahədə məşğul əhalinin məşğulluğunun dəyişməsi, işsizlik və uyğun olaraq idxal infilyasiyasını artırır, makroiqtisadi tarazlığı pozur”.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.
Bizi sosial şəbəkələrdən izləyin!!