Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib | Banco.az

Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib

Bu gün daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hərraclar geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə keçirilir.

Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında keçirilən hərracları da canlı şəkildə izləyə biliblər.

Hərracda ümumilikdə 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Ən sərfəli kredit üçün müraciət et

Əsasən regionlarda yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi isə bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulması, əlavə iş yerlərinin yaradılması və nəticə etibarı ilə regionların iqtisadi potensialının artmasına imkanlar yaradır.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 11 oktyabr tarixində keçiriləcək. Bu hərraca 85 dövlət əmlakı çıxarılacaq. Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45%-ini təşkil edən açıq səhmdar cəmiyyətləri olacaq. Bundan əlavə hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılacaq. Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et