“Azərbaycanda çayçılığın inkişafına daha çox dəstək göstərilməlidir” | Banco.az

“Azərbaycanda çayçılığın inkişafına daha çox dəstək göstərilməlidir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycan həmişə “çay” ölkəsi olub, lakin bu gün biz ixrac etdiyimizdən qat-qat çox çay idxal edirik. Bu ilin yeddi ayı ərzində respublikada 7 min 24 ton çay istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çoxdur”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Rauf Qarayev deyib. O qeyd edib ki, çay istehsalı ənənəsi olsa da,  hazırda çox az miqdarda yetişdiririk.

“Xatırladım ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycana 42 milyon 973,08 min ABŞ dolları (artım 12,3%) dəyərində 8 342,5 ton (artım 15,5%) çay idxal edilib. Çay idxalının ümumi həcmdə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% təşkil edib. İxracata gəlincə, yanvar-iyul aylarında xaricə 399,21 ton çay satmışıq ki, bu da ötən ilin göstəricisindən 5,3% çoxdur. Bundan ölkə 3 milyon 588,93 min ABŞ dolları gəlir əldə edib.

Yerli çayçılığın sovet dövrünü xatırlasaq, ötən əsrin 80-ci illərində illik istehsal həcmi 30 min tonu ötmüşdü. Əlbəttə, nəzərə almalıyıq ki, o dövrdə satış bazarı geniş idi.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda  çayçılığın dəstəklənməsinə, potensialından səmərəli istifadə edilməsinə və bu istehsala marağın artırılmasına yönəlmiş 2018-2027-ci illər üçün çayçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilib. Kənd Təsərrüfatı Subsidiyaları Şurasının bu yaxınlarda qəbul etdiyi qərara əsasən, çiləmə üsulu ilə suvarma sistemi ilə təchiz edilmiş və ən azı 20 min sertifikatlı ting əkilən çay plantasiyalarının hər hektarına görə əkin üçün subsidiya 12 min manat təşkil edib”.

Bəzi səbəblərdən fermerlər bu sahəyə o qədər də maraq göstərmədiyini qeyd edən ekspert vurğulayıb ki, bu sahə çox  əmək tələb etsə də,  sərfəli deyil:

“Çay almaq bizə onu yetişdirməkdən daha ucuz başa gəlir və iş adamları yerli plantasiyalara investisiya qoymaqdansa çayı almağa üstünlük verirlər. Qonşularımız - İran və Türkiyə bu sənayedə kifayət qədər uğurlar əldə ediblər. Düşünürəm ki, biz  çayçılığı kənd təsərrüfatının mühüm ənənəvi sahəsi kimi qoruyub saxlamalıyıq. Və bunun üçün bu sahəyə daha çox diqqət yetirmək lazımdır”.