“Azərbaycanda biznes: İtaliya şirkətləri üçün işgüzar imkanlar” | Banco.az

“Azərbaycanda biznes: İtaliya şirkətləri üçün işgüzar imkanlar”

Milanda Azərbaycanın İtaliyadakı səfirliyinin, bu şəhərin Ticarət Palatasının məsul qurumu olan “Promos”un və İtaliyanın Xarici Ticarət Assosiasiyasının (AICE) birgə təşkilatçılığı ilə Azərbaycanda biznes: İtaliya şirkətləri üçün işgüzar imkanlar” mövzusunda tədbir keçirilib.

İtaliyanın iqtisadi qüdrətinə görə aparıcı Lombardiya regionunun Azərbaycan ilə əməkdaşlığa maraq göstərən işgüzar dairələri üçün nəzərdə tutulmuş toplantıda əsasən energetika, inşaat, memarlıq və dizayn, maşınqayırma, yüngül sənaye, aqrar-sənaye kompleksi, turizm infrastrukturu və digər sahələri təmsil edən iş adamları iştirak ediblər.

Tədbiri açan AICE-nin baş katibinin müavini Raffaella Perino və “Promos”un strateji sahələr bölməsinin müdiri Federiko Beqa Lombardiyanın və Milanın işgüzar dairələrinin ənənəvi olaraq beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu və mövcud iqtisadi böhran şəraitində xarici bazarlara, o cümlədən geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiklərini diqqətə çatdırıblar.

Onlar tədbirdə iştirak edən iş adamlarını 2015-ci ildə “Milan Expo 2015” beynəlxalq sərgisi çərçivəsində yaranacaq zəngin əməkdaşlıq imkanlarından faydalanmağa çağırıblar.

Tədbirdə çıxış edən səfir Vaqif Sadıqov son illər ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan Hökumətinin həyata keçirdiyi islahatlar və prioritet iqtisadi inkişaf sahələri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan İtaliyanın aparıcı iqtisadi bölgəsi olan Lombardiya ilə əlaqələri möhkəmləndirməkdə maraqlıdır. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə əməkdaşlıq etmək niyyətində olan yerli iş adamlarına səfirlik tərəfindən dəstək göstəriləcək.

 

Ən sərfəli kredit üçün müraciət et

azertag.az