Azərbaycanda Beynəlxalq Əmanət Günü və maliyyə savadlılığı aylığına yekun vurulmuşdur | Banco.az

Azərbaycanda Beynəlxalq Əmanət Günü və maliyyə savadlılığı aylığına yekun vurulmuşdur

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə reallaşdırılan “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycanda Beynəlxalq Əmanət Günü (BƏG) və maliyyə savadlılığı aylığı başa çatmışdır. 

Kampaniyanın yekunları barədə dekabrın 6-da keçirilmiş tədbirdə məlumat verilmişdir. Qeyd edilmişdir ki, aylığın keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığını yüksəltməkdən və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarət olmuşdur.
Əhalinin maarifləndirilməsi tədbirləri Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, habelə bir sıra kommersiya bankları - Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBank tərəfindən təşkil edilmişdir.
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin inkişaf departamentinin direktoru Asif Cahangirov bildirmişdir ki, aylıq çərçivəsində 9 bank tərəfindən 38 məktəbdə əmanət günü keçirilmişdir. Banklar tərəfindən keçirilən maarifləndirmə təlimlərinə üç mindən çox məktəbli cəlb olunmuşdur. Şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi əks olunmuş köynəklər, papaq və çantalar paylanmışdır. Regionlarda, o cümlədən Şəki, Quba, Şamaxı, Tovuz, Biləsuvarda da maarifləndirmə işi aparılmışdır. Mingəçevirə breyn-rinq, Qubada futzal yarışları keçirilmişdir. Bu tədbirlərə 11 mindən çox şagird qatılmışdır. Bundan başqa, 25 bank filialında “Açıq qapı” günləri təşkil edilmişdir.
Qeyd edək ki, 31 oktyabr - Beynəlxalq Əmanət Günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq Konqresdə təsis olunmuşdur. Ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə qeyd edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Azertac

Ən sərfəli krediti almaq üçün müraciət et