Azərbaycanda bankın 30 maşını satışa çıxarılır | Banco.az

Azərbaycanda bankın 30 maşını satışa çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 19 iyul 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 30 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin start qiyməti 1 000 manatdan 22 000 manata qədərdir.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə link vasitəsi ilə tanış olmaq mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram