Azərbaycanda bank əmanətlərinin həcmi 5 il ərzində təxminən iki dəfə artıb | Banco.az

Azərbaycanda bank əmanətlərinin həcmi 5 il ərzində təxminən iki dəfə artıb

2008-ci ildə Azərbaycanın bank sektorunda yerləşdirilmiş bank depozitlərinin ümumi həcmi 6,460 milyard manat təşkil edirdi. Həmin dövrdə bank depozitlərinin 29.5%-i (1,905 milyard manat) ev təsərrüfatlarının payına düşürdü. Depozitlərin 26.3%-ni (1,699 milyard manat) maliyyə təşkilatları tərəfindən yerləşdirilmiş əmanətlər, 44,2%-ni (2,855 milyard manat) isə qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər təşkil edirdi.

2013-cü ilin dekabr ayının yekunlarına görə, bank depozitlərinin ümumi həcmi artaraq 12,475 milyard manat təşkil etdi. 2008-ci ildə qeydə alınan göstəricilərlə müqayisədə, 2013-cü ildə bank depozitlərinin həcmi 1,93 dəfə artdı. Bank depozitlərinin strukturu barədə məlumat verək. Qeyd edək ki, bank depozitlərinin 51,26%-i (6,395 milyard manat) ev təsərrüfatlarının, 26,1%-i (3,261 milyard manat) maliyyə təşkilatlarının və nahəyət, 22,6%-i (2,818 milyard manat) qeyri-maliyyə təşkilatlarının payına düşür.

Bununla yanaşı, son 5 il ərzində bank depozitlərinin tərkibində qeyri-maliyyə təşkilatlarının payına düşən əmanətlərin həcmi 21,6% azalıb. Əgər bu faiz göstəricisini rəqəmlərlə ifadə etsək, o zaman deyə bilərik ki, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlərin həcmində 37 milyon manat məbləğində azalma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, maliyyə təşkilatlarına məxsus əmanətlərin həcmində də azalma qeydə alınıb. Belə ki, son 5 il ərzində sözügedən əmanətlərin həcmi 0.2% azalıb. Daha dəqiq desək, maliyyə təşkilatları tərəfindən yerləşdirilmiş depozitlərin həcmində 1,562 milyard manat məbləğində azalma qeydə alınıb.

Ev təsərrüfatlarının əmanətləri bank depozitlərinin həcminə müsbət təsir göstərib. Xüsusilə hesabat dövründə ev təsərrüfatları əmanətlərinin xüsusi həcmi 3,35 dəfə artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2005-ci ildə əhalinin gəliri 8,063 milyard manat təşkil etdiyi halda, 2013-cü ildə bu göstərici 37,6 milyard manata qədər artmışdır. Daha dəqiq desək, 2005-ci il ilə müqayisədə, 2013-cü ilin sonuna qədər əhalinin gəliri 4,66 dəfə artmışdır. Bununla yanaşı, DSK-nin məlumatına görə, əhali gəlirlərin 64,3%-ni son istehlaka, 1,8%-ni kreditlər üzrə faiz dərəcələrinin ödənilməsinə, 25,6%-ni (9,625 milyard manat) isə əmanətlərin yerləşdirilməsi və kapitalın artırılmasına sərf etmişdir.

Sevinc İbadova/Banco.az