Azərbaycanda da vətəndaş müraciətlərinə vaxtında baxılması, vergi ödəyicilərinin müraciətlərinin keyfiyyətlə araşdırılması, habelə sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş mexanizmlərin təşkili istiqamətində müvafiq tədbirlər görülür.
Vergilər Nazirliyində Vergi Apelyasiya Şurası fəaliyyət göstərir və 2018-ci ildə vergi şikayətlərinə baxılması işinə səmərəli nəzarət edilməsi məqsədilə yeni apelyasiya mexanizmi yaradılıb. Bununla yanaşı, Vergilər Nazirliyi vergi şikayətlərinə baxılması prosesini təhlil edərkən bir sıra hallarda sahibkarların qanuni mənafelərinin pozulmasının vergi əməkdaşlarının yoxlama prosesində, yoxlama aktlarının tərtibi və vergilərin hesablanmasında, habelə vergi ödəyicilərinin düzgün məlumatlandırılmaması nəticəsində baş verməsi faktları ilə bağlı olduğunu müəyyən edib. Apelyasiyaya verilmiş işlərin, habelə mübahisələndirilən məsələlərin təhlili aparılarkən, bir sıra hallarda sahibkarların kifayət qədər hüquqi biliklərə malik olmamaları, vergi qanunvericiliyinin tətbiqi sahəsində məlumatsızlıqları ilə əlaqədar belə qərarlarla bağlı apelyasiya prosesində iştirak etməkdən çəkindikləri müəyyən edilib. Sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə etmək, belə müdafiə kanallarının və kommunikasiya imkanlarının artırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb. "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"a əsasən, beynəlxalq təcrübəyə söykənərək aparılan belə araşdırmalar zamanı vergi ödəyicilərinin hüquqlarını qoruyan institutların yaradılması praktikası, vergi ödəyicilərinin hüquqlarının qorunmasında Avropa İttifaqına üzv ölkələrin təcrübəsi, belə institutların fəaliyyətini tənzimləyən qanunvericilik aktları, şikayətlərin idarə edilməsi sistemi və s. geniş öyrənilib.
Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Vergi Ombudsmanı ölkənin vergi administrasiyasından və Ombudsman Aparatından ayrıca fəaliyyət göstərən və ölkədə mövcud olan Ombudsman Aparatının tərkibində vergi ödəyicilərinin hüquqlarını qoruyan strukturdur. Ombudsman öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni və Azərbaycan Respublikasının digər qanunlarını əsas tutur.
Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin sivil formada tənzimlənməsinə kömək göstərməkdir.
Vergi Ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV daxil olmaqla, hər hansı bir mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.
Mütəxəssislərin fikrincə, Vergi Ombudsmanı kimi institutun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminin inkişafına əhəmiyyətli fayda verəcək. Vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması, vergi orqanlarının işinin yüngülləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin olunması ilə yanaşı, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün onların məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə malikdir.