Azərbaycanda 26 bank bağlana bilər | Banco.az

Azərbaycanda 26 bank bağlana bilər

2014-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 28-i və ya 63,6 faizi Mərkəzi Bankın məcmu kapitalın minimum həcminə dair qoyduğu tələbə uyğunlaşıb. 2012-ci ilin iyununda qəbul edilən qərara əsasən, kommersiya bankları məcmu kapitalın həcmini an azı 50 milyon manata çatdırmalıdır.

Məcmu kapitalın minimum həcmi ilə bağlı tələbin yerinə yetirilməsi üçün banklara 2015-cü ilin yanvarın 1-nə kimi vaxt verilib. Bundan öncə banklar üçün 2014-cü ilin yanvarın 1-nə kimi ilyarımlıq müddət müəyyən edilmişdi. Ötən ilin sonunda Mərkəzi Bank bankların kapitalını mütəmadi olaraq artırdığını, amma bankların yarısının məcmu kapitalın minimum həddi ilə bağlı tələbə uyğunlaşdığını nəzərə alaraq müddəti daha bir il uzatdığını bildirdi. Cari ilin sonunda müddətin yenidən uzadılıb-uzadılmayacağı bilinmir. Hər halda, qüvvədə olan qərara əsasən kommersiya bankları dekabrın 31-nə kimi Mərkəzi Bankın tələbinə əməl etməlidir.

Banklar məcmu kapitalın minimum həddi ilə bağlı tələbə nə dərəcədə uyğunlaşıb?

Kommersiya banklarının əksəriyyəti 2014-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını açıqlayıblar. Yalnız bir neçə kiçik bankın yeni hesabatlarına rast gəlmək olmur. Digər banklar rəsmi saytlarında 2014-cü ilin birinci rübünün yekunları haqqında hesabatlarını yerləşdiriblər. Burada bir müsbət yeniliyi vurğulayaq ki, ötən ilə nisbətən bu il bankların informasiya açıqlılığı yaxşılaşıb. Əvvəlki dövrlərdə ən yeni məlumatlara az sayda bankın rəsmi saytında rast gəlmək olurdusa, indi əksər bank mütəmadi şəkildə yeni məlumatları saytlarında yerləşdirir.

Həmin hesablarla tanış olduqda məlum olur ki, bankların böyük hissəsi, hətta aktivləri kiçik olan banklar belə, məcmu kapitalın artırılması tədbirlərini davam etdiriblər. Artıq 9 bankın məcmu kapitalı 100 milyon manat həddini ötüb. 2013-cü ilin 3-cü rübünün yekununda 8 bank 100 milyon manatlıq həddi keçmişdi. Ötən müddətdə "Unibank" da kapitalını artıraraq ilk doqquzluğa düşüb.

Daha 19 bank 50-100 milyon manatlıq həddə çatıb. 6 ay əvvəl məcmu kapitalının həcmi 50-100 milyon manat səviyyəsində olan cəmi 12 bank var idi. 2014-cü ilin birinci rübündə 3 bankın məcmu kapitalı 35-50 milyon manat həcmindədir. 8 bankın kapitalı 20-30 milyon manat, 5 bankın kapitalı isə 3,5-20 milyon manat həcmindədir.

Açıqlanan fərdi məlumatlardan aydın olur ki, ən böyük məcmu kapitala "Azərbaycan Beynəlxalq Bankı" (ABB) sahibdir. ABB kommersiya bankları arasında yeganə dövlət bankıdır və onun məcmu kapitalının həcmi birinci rübün sonunda 950,6 milyon manata çatıb. Bank sektorunda cəmi kapitalın 26,6 faizi ABB-yə məxsusdur.

"Kapital Bank" "Paşa Bank"ın məcmu kapitalı 240 milyon manatdan yüksəkdir. Birincisinin 246,6 milyon manat, digərinin 241,6 milyon manat məcmu kapitalı var. "Xalq Bank" 183 milyon manat, "Bank of Baku" 144 milyon manat məcmu kapitala sahibdir.

İlk beşlikdə qərar tutan bankların cəmi kapitalı 1,766 milyard manat olub ki, bu da ümumi bank kapitalının təxminən 50 faizini formalaşdırır. Məcmu kapitalı 100 milyon manatı ötən banklar 2,24 milyard manatlıq (ümumi kapitalın 62,7 faizi) kapitala, məcmu kapitalı 50 milyon manatdan artıq olan banklar isə təxminən 3,3 milyard manatlıq (92 faiz) kapitala sahibdirlər. Məcmu kapitalı 35 milyon manatı ötən daha 3 bankı ("Bank VTB", "NBCBank", "Bank of Azerbaican") da nəzərə alsaq, 32 bankın məcmu kapitalı bank sektorunun cəmi kapitalının 95 faizindən çox hissəsini formalaşdırır.

Yerdə qalan 12 bankın ümumi bank kapitalında payı 5 faizə yaxındır.

İlin sonuna qədər daha bir neçə bank məcmu kapitalını tələb edilən həddə çatdıra biləcək. Məcmu kapitalını 50 milyon manata çatdıracaq banklar sırasında "Bank VTB" (Azərbaycan), "NBCBank" "Bank of Azerbaican" da olacaq. "NBCBank" son il yarımda məcmu kapitalının həcmini 85 faizdən çox artırıb. "Bank VTB" də məcmu kapitalını sürətlə artırır. Buna görə də, növbəti rübdə məcmu kapitalını 50 milyona çatdıran bankların sayının 28-dən 31-ə yüksələcəyini yəqin edə bilərik.

İndi əsas çətinlik məcmu kapitalını hələ də 30 milyon manata çatdıra bilməyən bankların qarşısında durur. Birinci rübün sonunda 7 bankın məcmu kapitalının həcmi 20-30 milyon manat həcmində, 4 bankın məcmu kapitalı 10-20 milyon manat həcmində, 2 bankın kapitalı isə 10 milyon manatdan azdır. Məcmu kapitalı 10 milyon manatdan az olan banklardan biri "Azərbaycan Kredit Bankı"dır. Bu bankın açıqladığı məlumata əsasən, birinci rübün sonunda bankın məcmu kapitalı 6,1 milyon manat olub.

Digər bank "Evrobank"dır və onun saytından bankın məcmu kapitalı ilə bağlı məlumata rast gəlmək olmur. Bununla belə, Mərkəzi Bankın kapitallaşmaya dair son məlumatında bir bankın məcmu kapitalının 3,5-5 milyon manat həcmində olduğu bildirilir. Həmin bankın məcmu kapitalının həcmi cəmi bank kapitalının 0,1 faizini, yəni 3,7 milyon manatını təşkil edir. Bu məlumatları əlaqələndirsək, belə məlum olur ki, "Evrobank" təxminən 4 milyon manat həcmində məcmu kapitala sahibdir.

Məcmu kapitalın minimum səviyyəsinə dair tələbə uyğunlaşa bilməyən banklar gələcəkdə 2 yoldan birini seçməli olacaq: ya digər bankla birləşəcək, yaxud bank olmayan kredit təşkilatı şəklində fəaliyyətini davam etdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et