Azərbaycan və İran müştərək bank yarada bilər | Banco.az

Azərbaycan və İran müştərək bank yarada bilər

Azərbaycanın bankçılıq tarixində başqa bir dövlətlə müştərək bank yaratmaq təcrübəsi yalnız bir dəfə olub. Bu isə 1995-ci ildə qardaş Türkiyə ilə ortaq yaradılmış AzərTürkBank idi. Həmin bankın yaradılması prosesində Milli Bankın sədri kimi iştirak etmiş Cavanşir Abdullayev bildirir ki, o zamanlar buna zərurət çox idi.

Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyir ki, müstəqilliyin ilk illərində Azərbaycan bankları çox zəif idi və az kapitallaşmışdı. Bu bankın yaranmasında əsas məqsəd Türkiyənin bankçılıq təcrübəsini ölkədə yaymaq, ölkəyə yeni gəlməyə başlayan türk iş adamlarına xidmət etmək idi. Amma indi vəziyyət tamamilə dəyişib. Hətta sözügedən bankda da Türkiyənin payı azalaraq cəmi 13%-ə düşüb. İndi Azərbaycanda kifayət qədər güclü, özəl banklar var. Üstəlik bazar iqtisadiyyatını seçən ölkələr əksinə biznes sahəsində dövlətin iştirakını azaltmağa çalışır.

Dövlətlər arasında müştərək banklar adətən hansısa iri layihənin maliyyələşdirilməsi, ticarət dövriyyəsini artırmaq, yaxud bir dövlətin digərində çox sayda olan iş adamlarına xidmət etmək məqsədilə yaradılır. Nəzərə alsaq ki, İranın ən böyük banklarından birinin Azərbaycanda filialı fəaliyyət göstərir, deməli İran iş adamlarının ölkəmizdə bank xidmətləri ilə problemi yoxdur. Digər tərəfdən hesab olunur ki, rəsmi Tehran hansısa qonşu dövlətlə müştərək bank yaratmaq təşəbbüsünü xarici banklardakı hesablardan çıxarılan külli miqdarda vəsaiti dövriyyəyə buraxmaq məqsədilə irəli sürə bilər.

Ən sərfəli kredit üçün müraciət et